Əsas Səhifə > Manşet / Rəsmi > 100 yaşın mübarək veteran!
100 yaşın mübarək veteran!17-05-2018, 22:55 |
Qazaxda Böyük Vətən Müharibəsi veteranı Nəbi Nəbiyevin 100 illiyi yüksək səviyyədə qeyd olunubQazax rayonunda yaşayan uzunömürlü insanların – 100 yaşını keçmiş sakinlərin sayı kifayət qədərdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən ömrünün ahıl çağlarını yaşayan həmin uzunömürlü insanlara daim diqqət və qayğı ilə yanaşır, mütəmadi olaraq onlarla görüşür, səmimi söhbətlər aparır, qayğıları ilə maraqlanır. Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həmin uzunömürlü insanlardan birinin - Cümhuriyyətin yaşıdı, Böyük Vətən Müharibəsi veteranı Nəbi Nəbiyevin 100 illiyi yüksək səviyyədə qeyd olunub. Rayonun Kəmərli kəndində keçirilən yubiley tədbirində Qazax RİHB aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak edib. Açıq havada, yaşıllıqlar qoynunda baş tutan tədbirdə ətraf bayramsayağı bəzədilmişdi. Əllərində bayraqlar tutmuş hərbiçilər nizamla düzülmüşdülər. Hərbi orkestr müharibə dövrünün mahnılarını ifa edirdi. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yubiley tədbirində iştirak etmək üçün Kəmərli kəndinə gəlib. Hərbi orkestrin ifa etdiyi musiqi sədaları altında uzunömürlü insanlarla, Böyük Vətən Müharibəsi veteranları ilə görüşüb. Müdafiə Nazirliyinin müşaviri Abdulla Qurbani giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Belə bir tədbirin respublikamızda ilk dəfə keçirildiyini qeyd edərək yubilyarı təbrik edib. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra Böyük Vətən Müharibəsində həlak olanların və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 100 yaşlı yubilyar at belində meydana daxil olub. Ehtiyatda olan baş leytenant Nəbi Nəbiyev hərbi qaydada təzim edərək tədbir iştirakçılarını salamlayıb. Doğum gününün bu cür yüksək səviyyədə qeyd olunmasına görə Ölkə Başçısı İlham Əliyevə, Müdafiə Naziri Zakir Həsənova, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsi və öz adından dərin minnətdarlığını bildirib. A.Qurbani Müdafiə Naziri Zakir Həsənovun təbrik məktubunu oxuyaraq xüsusi hədiyyələri yubilyara təqdim edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “General Əliağa Şıxlinski” yubiley medalını Nəbi Nəbiyevin sinəsinə taxıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və yubilyara öz təbriklərini çatdırıb. Cümhuriyyətimizin yaranma tarixindən söz açaraq Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikasının günü-gündən inkişaf etdiyini qeyd edib. Bildirib ki, Cümhuriyyətin yaşıdı olan Nəbi Nəbiyevin keçdiyi həyat yolu gənc nəsilə ən gözəl nümunədir. Ömrünün ahıl çağlarını yaşayan insanlara səmimi münasibət göstərmək, onları daim diqqət mərkəzində saxlamaq hər birimizin borcudur. Bu gün Dövlət Başçısı İlham Əliyev tərəfindən ağsaqqallarımıza, ağbirçəklərimizə göstərilən diqqət və qayğı hər bir azərbaycanlıya örnək olmalıdır. Aşıqlardan Hüseyn Dərgahquluyev və Kifayət Nəbiyeva Vətənə həsr olunmuş el havasını səsləndiriblər. Gəncədən gəlmiş Böyük Vətən Müharibəsi veteranı Tofiq Hüseynov çıxış edərək yubilyara öz təbriklərini və arzularını çatdırıb. Sonra zurnançıların ifa etdikləri havanın sədaları altında veteranlar rəqs ediblər. Rayon Müharibə Veteranları Şurasının sədri Xanqulu Süleymanov ömrünün ahıl çağlarını yaşayan insanlara və veteranlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Xalq artisti Tariyel Qasımov, kənd sakini Rəhim Rəhimov çıxış edərək yubilyara ən xoş arzularını çatdırıb, tədbirin belə yüksək səviyyədə təşkil olunmasına görə təşkilatçılara öz dərin minnətdarlıqlarını bildiriblər. Müdafiə Nazirliyinin zabiti Emin Səfərov çıxış edərək yubiley tədbirinin Qazaxda düşmənlə üz-üzə yerləşən Kəmərli kəndində keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək Azərbaycan Ordusunun qələbə çalacağı günün uzaqda olmadığını qeyd edib. Tədbirin sonunda qonaqlar veteranlarla birlikdə xatirə şəkilləri çəkdiriblər. Elçin İSMAYIL Geri qayıt |