Əsas Səhifə > Manşet / Rəsmi > Səyyar görüşlər öz bəhrəsini verir
Səyyar görüşlər öz bəhrəsini verir17-05-2018, 22:29 |
Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda ön plana çəkilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə keçirdiyi səyyar görüşlər bunun ən bariz nümunəsidir. Görüşlər zamanı sakinlər onları narahat edən məsələləri bildirir, müxtəlif məsələlərlə bağlı rayon rəhbərinə müraciət edirlər. İcra Başçısı onları diqqətlə dinləyərək yerində konkret tapşırıqlar verir. Ona görə də birmənalı şəkildə demək olar ki, rayon rəhbərinin keçirdiyi səyyar görüşlər öz bəhrəsini verir. Növbəti belə bir səyyar görüş bu gün rayonun Qaymaqlı kəndinin sakinləri ilə keçirilib. Kənd sakinləri həmişə olduğu kimi bu dəfə də rayon rəhbərini böyük səmimiyyətlə qarşılayıblar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamladıqdan sonra qeyd edib ki, bu il mən sizinlə dördüncü dəfədir ki, görüşürəm. Hər görüşdə müzakirə edilən məsələlər, sizin tərəfinizdən edilən müraciətlər öz müsbət həllini tapır və bu da son nəticədə vətəndaşın razılığına gətirib çıxarır. Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsinin nəticəsidir ki, son 2 ildə rayonumuzda bütün sahələr inkişaf etmiş, uğurlu göstəricilər əldə edilmişdir. Rəcəb Babaşov rayonumuzda tikinti-quruculuq işlərinin geniş vüsət aldığını qeyd edib. Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərindəki uşaq bağçalarının yenidən qurulmasını, şəhərdə isə yeni uşaq bağçasının tikilməsini bu sahədə qazanılan uğurların ən bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, bağçaların əsaslı şəkildə təmiri davam etdirilir. Hazırda şəhər 2 saylı uşaq bağçası təmir olunur. Daş Salahlı kənd körpələr evi-uşaq bağçasında da təmir işlərinə başlanılacaqdır. Bildirib ki, Hüseynbəyli, Çaylı və Kommuna kəndlərinə yeni asfalt yollar çəkilib, Cəfərli kəndində də bu iş başa çatdırılıb. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu da istifadəyə tam hazırdır. Hazırda “İnvestel GROUP” MMC-də, Elektrod Zavodunda, 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında, eləcə də digər sosialyönümlü obyektlərdə tikinti işləri sürətlə davam etdirilir. Bildirib ki, bu gün rayonun elə bir kəndi tapılmaz ki, orada qaz, işıq, su, telefon, yol və digər məişət və sosial məsələlər öz müsbət həllini tapmasın. Rəcəb Babaşov kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonununda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını qeyd edib. Gəlir verən sahələrdən biri olan tütün sahəsinin ilbəil artdığını qeyd edən rayon rəhbəri bildirib ki, əgər 2016-cı ildə rayon üzrə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəm 50 hektara çatdırılmışdır. Bol məhsul yetişdirildiyi üçün sahələrdən 80 tondan çox məhsul götürülmüşdür. Tütünün gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələri daha da genişləndirilmiş və 60 hektarda əkin aparılmışdır. İcra Başçısı rayonumuzda strateji məhsul sahəsi olan baramaçılığın da inkişafının vacibliyini diqqətə çatdırmış, iqtisadi baxımdan gəlirli olan, yüzlərlə insanın iş yerinə çevriləcək baramaçılıq sektorunun böyuk əhəmiyyətini qeyd etmişdir. Bildirib ki, artıq üçüncü ildir ki, rayonda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə edilir. Bu il kümçülər 5 ton məhsul təhvil verməyi qarşılarına məqsəd qoymuşlar. Kənd sakinlərindən Tükəzban Kazımova, Kazım Kazımlı çıxış edərək onlarla mütəmadi görüşlər keçirdiyinə, kənd sakinlərinə daim diqqət və qayğı göstərdiyinə görə İcra Başçısına minnətdarlıqlarını bildiriblər. Sakinlərdən şəhid atası Əmirxan Bəşirov, II qrup Qarabağ əlili Bəylər Paşayev, Kəmərli kənd həkim məntəqəsinin müdiri Lusia Babayeva, Bəxtiyar Süleymanov və başqaları söz alaraq kənddə olan bu və digər məsələlər barədə rayon rəhbərliyinə müraciət ediblər. İcra Başçısı vətəndaşları diqqətlə dinlədikdən sonra aidiyyatı üzrə tapşırıqlar verib. Sonda rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq sakinlərlə səyyar görüşlərin daha tez-tez keçiriləcəyini bildirib, kənd sakinlərinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Elçin İSMAYIL Geri qayıt |