Əsas Səhifə > Manşet / Sosial > Mərkəzi Xəstəxana binasının tikintisi sürətlə davam edir
Mərkəzi Xəstəxana binasının tikintisi sürətlə davam edir15-05-2018, 17:07 |
Qazax rayonunda tikinti-quruculuq işləri geniş vüsət alıb. İnşası sürətlə davam etdirilən rayon Mərkəzi Xəstəxanasının tikintisi buna əyani sübutdur. 10 korpusdan ibarət olacaq 145 çarpayılıq Mərkəzi Xəstəxana binası ən müasir səhiyyə müəssisələrindən biri olacaqdır. 2,6 hektar sahədə inşa olunan xəstəxana binasında rayon sakinlərinin sağlamlığının keşiyində dayanmaq üçün hər cür şərait yaradılır. Bir neçə aydır ki, başlanılan və ilk gündən tikintisi sürətlə aparılan xəstəxana binasında əsas işlər demək olar ki, başa çatıb. Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov Mərkəzi Xəstəxananın tikintisi başlayan gündən aparılan tikinti işləri ilə yaxından tanış olur. Bu gün İcra Başçısı tikinti meydançasında olaraq görülən işlərlə maraqlanıb. Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə rayon rəhbərliyinə məlumat verərək bildirib ki, hal-hazırda 5 korpusda aparılan əsas tikinti işləri demək olar ki, yerinə yetirilib. Bütün korpuslarda dam örtükləri vurulub, xarici və daxili arakəsmələr başa çatdırılıb. Pəncərələr quraşdırılıb. Bundan əlavə, sahədaxili kanalizasiya və su xətti tam olaraq çəkilib. Məlumat verilib ki, inşaat meydançasında bütün tikinti işləri bərabər qaydada aparılır. Binanın daxilində vaxt tələb edən bütün ağır işlər demək olar ki, başa çatdırılıb. Binanın daxili hissəsi ilə yanaşı, çöl hissəsində də tikinti işləri görülür. Əsas korpusda üzləmə işləri görülür. Binanın ətrafına hasar çəkilib, giriş hissəsinə isə aqlay vurulubdur. Həmçinin binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunubdur. Hal-hazırda binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilir. Transformator stansiyası üçün isə bina tikilməkdədir. Nəzarət-buraxılış məntəqəsi isə tam hazırdır. İş icraçısı bildirib ki, hazırda xəstəxana binasının xarici hissəsində keramo-qranit örtüyü vurulur. Eyni zamanda, binanın daxilində elektrik və havalandırma işləri görülür. Sanitar qovşaqlarında kafel və metlax vurulması davam edir. İcra Başçısı inşaat işləri ilə ətraflı tanış olduqdan sonra tikintini sürətləndirməyi tapşırıb. Elçin İSMAYIL Geri qayıt |