Əsas Səhifə > Manşet / Rəsmi > İcra Başçısı şuşalı ailəni qəbul edib
İcra Başçısı şuşalı ailəni qəbul edib8-05-2018, 23:54 |
Şuşa şəhərinin ermənilər tərəfindən işğalından 26 il keçir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bununla əlaqədar Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə məskunlaşmış Veysiyevlər ailəsini qəbul edib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kəbirə Veysiyeva, oğlu Cəlil Veysiyev və qızı Fatma Cəlilova ilə səmimi görüşdükdən sonra Şuşa şəhəri, onun qədim abidələri, maddi-mədəni sərvətləri barədə danışıb. Qeyd edib ki, erməni işğalı nəticəsində Şuşaya olduqca böyük miqdarda maddi və mənəvi ziyan dəyib. Görüşdə qeyd olunub ki, şuşalılar respublikanın 59 rayonunda, 700 yaşayış məntəqəsində məskunlaşıblar. Kəbirə Veysiyeva Şuşanın işğalından, ermənilərin törətdiyi vəhşiliklərdən söz açaraq işğal zamanı çəkdikləri əzab və məşəqqətlərdən danışıb. Qeyd edib ki, biz elə o vaxtdan Qazax rayonuna pənah gətirmişik. Sağ olsun rayon sakinlərini, bizə öz doğmaları kimi isti münasibət göstərib, elə ilk gündən qayğımıza qalıblar. K.Veysiyeva rayon rəhbərliyi tərəfindən onlara diqqət və qayğı göstərildiyini qeyd edib. Bugünkü qəbulun bu qayğının əyani sübutu olduğunu söyləyib. Ona görə də rayon rəhbərliyinə, eləcə də rayon sakinlərinə ailəsi adından öz dərin minnətdarlığını bildirib. Görüşdə iştirak edən Cəlil Veysiyev və Fatma Cəlilova da dövlət tərəfindən hər cür diqqət və qayğı ilə təmin olunduqlarını qeyd ediblər. Görüşdə şuşalıların gələcəyə inam və ümidlə baxdığı vurğulanıb. Qeyd edilib ki, onlar Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir və onun əmri ilə silaha sarılıb işğalçıya qarşı döyüşə girməyə hazırdırlar. Görüşdə Şuşanın işğaldan azad olunacağı günün uzaqda olmadığı da qeyd olunub. Elçin İSMAYIL Geri qayıt |