Əsas Səhifə > Manşet / Gənclər > Qazaxlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola düşüblər
Qazaxlı gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola düşüblər12-04-2018, 14:53 |
“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 mart 2018-ci il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər. Bu münasibətlə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qarabağ müharibəsi veteranları, Aprel döyüşlərinin iştirakçıları, çağırışçılar, valideynlər və KİV nümayəndələri iştirak edib. Tədbirə şəhərdəki Şəhidlər Xiyabanından başlanılıb. Şəhidlərin ruhuna dua oxunduqdan sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən yolunda canından keçmiş oğul və qızlarımızın xatirəsini ehtiramla yad edərək memorial önünə gül dəstələri qoyub. Şəhidlərin xatirəsi tədbir iştirakçıları tərəfindən də yad olunub. Sonra tədbir Heydər Əliyev parkında davam edib. Rayon rəhbərliyi və tədbirə toplaşanlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini yad ediblər. Sonra Gənclər Mərkəzinin qarşısında yığıncaq keçirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 11 aprel prezident seçkilərinin uğurla başa çatması və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə bütün rayon sakinlərini, xalqımızı təbrik edib. Sonra ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışaraq ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlərin ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olduğunu bildirib. Bunun nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuzun hərbi birləşmələri qısa müddət ərzində işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad edib. İcra Başçısı gənclərlə qürur duyduğunu bildirərək çağırışçılara vətənin layiqli əsgəri olmağı tövsiyə edib, hərbi xidmətə yola düşən çağırışçı-gənclərə ən xoş arzularını çatdırıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında 6 mart 2018-ci il tarixində Sərəncam imzaladığını bildirib. Hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu vurğulayaraq gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyə edib. Böyük Vətən Müharibəsi veteranı Xanqulu Süleymanov, rayon İcra Hakimiyyəti başçısının müavini, Aprel döyüşlərinin iştirakçısı olmuş əsgər anası Gulaya Həsənova, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliklərini bildiriblər. Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, Azərbaycan əsgərinə həsr olunmuş şeirlər səslənib. Sonra gənclər musiqi sədaları altında rəqs ediblər. Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çağırışçı-gənclərlə bir-bir görüşərək onlara uğur arzulayıb, xatirə şəkilləri çəkdirib. Elçin İSMAYIL Geri qayıt |