Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edib
Qazaxda icra başçısı igid Vətən oğullarını ailə üzvləri ilə birlikdə 35 illik həsrətdən sonra Aşağı Əskiparada məzarları başında ziyarət edibBu gün, 18:44 |
|
Torpaq, Vətən yolunda minlərlə şəhid versək də, neçə-neçə qəhrəman oğullarımız sağlamlığını bu yolda qurban versə də haqq savaşımızın sonunda şanlı Zəfər, tarixi Qələbə bizim oldu. Birinci Qarabağ müharibəsi Əhmədovlar, Allahverənovlar, Nəsibovlar ailəsinin də qəlbinə ömür boyu onları göynədəcək, sızladacaq bir dağ çəkdi. Bəli, bu müharibə üç ailəni başsız qoydu, övladlar atasız, şəhid yarları isə arxa-dayaqsız qaldı. Birinci Qarabağ müharibəsində Aşağı Əskipara kəndinin igid oğulları - Əhmədov Niyaz Əkbər oğlu, Allahverənov Dursun Vəli oğlu, Allahverənov İmran Dursun oğlu və Nəsibov İslam Yusif oğlu da doğma torpaq, yurd, el-oba uğrunda şirin canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar.
Şirin canlarını Vətənə qurban verən qəhrəman şəhidlərimizin ailələri nə az, nə çox düz 35 ildir ki, igid Vətən oğullarının həsrəti, niskili ilə yaşayır. Vətən həsrəti ilə yanaşı, onların niskilini də qəlblərində daşıyır. İllərdir şəhidlərimizin atalarının, analarının, bacı-qardaşlarının, ömür-gün yoldaşlarının, övladlarının bir istəyi, arzusu vardı ki, bircə dəfə olsa belə qəhrəman şəhidlərimizin məzarlarını uzun həsrətdən sonra işğaldan azad olunmuş Aşağı Əskipara kənd qəbiristanlığında olan qəbirlərini ziyarət etsinlər. Bu gün şəhidlərimizin əzizlərinin, yaxınlarının, doğmalarının o arzusu gerçək oldu. Hər zaman şəhid ailələrinin, qazilərin, məcburi köçkün ailələrinin yanında olan, onlara qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin ailələrinin arzusunun reallaşması üçün əlindən gələni əsirgəmədi. İcra başçısı uzun həsrətdən, niskildən sonra doğma yurd yerlərinə, Aşağı Əskiparaya elə həmin şəhid ailələri ilə birlikdə ayaq basıb. Bəli, şəhidlərimizin ailə üzvləri 35 illik həsrətdən sonra illər öncə mənfur düşmən üzündən çıxmalı olduqları Aşağı Əskipara kəndində oldular. Şəhid ailələri dağıdılmış, uçurulmuş qəbirləri görməyin onlar üçün nə qədər çətin olsa da, uzun illərin ayrılığından sonra doğmalarına qovuşduqları üçün ürəklərinin toxtaqlıq tapdığını vurğulayıblar. Həyat yoldaşını və övladını Vətən yolunda şəhid verən Gülnaz Məmmədova “34 illik həsrətdən sonra doğmalarımıza qovuşduq. Artıq ölsək də gözümüz arxada qalmayacaq. Uzun illərin həsrətindən sonra doğmalarımızın məzarını ziyarət etmək bizim yaddaşımıza ən gözəl, ülvi bir xatirə kimi yazıldı”, - deyərək bu anı onlara yaşadan, doğma torpağı görmək şansını onlara bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə minnətdar olduqlarını dilə gətirib. “Noyabrın 28-də ömür-gün yoldaşım Niyaz Əhmədovun ildönümüdür. 35 ildir ki, onun övladları, bacıları, qardaşı, əzizləri, doğmaları Niyazın ildönümünü məzarını ziyarət etmədən, həsrətlə, niskillə qeyd etdilər. Bu gün isə 35 ildən sonra o həsrətə son qoyuldu. Artıq Niyazın ruhu şaddır. Yağı düşməndən azad olunmuş Aşağı Əskiparada uyuyan məzarını ziyarət etmək qismət oldu”, - deyən şəhid yoldaşı Nazdı Həsənova buna görə razılığını ifadə edib, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tez zamanda sağlamlıqlarına qovuşmalarını arzulayıb. Şəhdlərimizin ailə üzvləri doğma kəndlərinə getmək, əzizlərinin qəbirlərini ziyarət etmək üçün onlara şərait yaratdığına görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyevə, sərhədçilərə minnətdarlıq etməyi də unutmayıblar. Şəhid ailələri illərdir ürəklərində yaşatdıqları bu aruzunun gerçəkləşməsində göstərdiyi dəstəyə görə rayon rəhbərinə sonsuz təşəkkürlərini ifadə ediblər. Şəhid ailələrinin ağrı-acısını onlarla birlikdə çəkən rayon rəhbəri bu çətin anda onların yanında olduğu üçün özünü şanslı hiss etdiyini qeyd edib. “Özümə borc bildim ki, bu çətin anda sizlərin yanında olum, kədərli gününüzdə sizləri tək qoymayım. Dərdinizi birlikdə çəkək”, - deyən icra başçısı Rəcəb Babaşov işğaldan azad olunmuş torpaqlarımızda, azad edilmiş kəndlərimizdə inşa ediləcək yeni evlərdə yaşayacaqları günün elə də uzaqda olmadığını bildirib. Ölkə Prezidentinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunmuş yurd yerlərimizin yenidən cənnətə çevriləcəyini söyləyib. Birinci Qarabağ müharibəsi şəhidi Əhmədov Niyaz Əkbər oğlunun ailə üzvləri ilə birlikdə Aşağı Əskipara kəndində olan məzarını və evində ailəsini ziyarət edərkən
Birinci Qarabağ müharibəsi şəhidi Allahverənov Dursun Vəli oğlunun və Allahverənov İmran Dursun oğlunun ailə üzvləri ilə birlikdə Aşağı Əskipara kəndində olan məzarlarını ziyarət edərkən
Birinci Qarabağ müharibəsi şəhidi Nəsibov İslam Yusif oğlunun Aşağı Əskipara kəndində olan məzarını ziyarət edərkən
Geri qayıt |