Əsas Səhifə > Manşet / İdman > Qazaxda V İdman Festivalı keçiriləcək

Qazaxda V İdman Festivalı keçiriləcək


Bu gün, 20:18

Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Bu ilin 5 mart tarixi Azərbaycanda təkcə Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yadda qaldı. Həmin gün Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldı, "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olundu. Bəli, artıq Qazax bu il bir neçə yarışa, turnirə, festivala ev sahibliyi etdi, bu il qazaxlıların, idmansevərlərin yaddaşına unudulmaz anlarla yazıldı.

Məlumat üçün qeyd edək ki, 15-22 noyabr 2026-cı il tarixlərində Qazax şəhərində Olimpiya idman növləri üzrə 13-15 yaşlı perspektivli idmançıların iştirakı ilə V İdman Festivalının keçirilməsi planlaşdırılıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirin əsas məqsədi idman növlərinin təbliği, uşaq və yeniyetmələrin idman növlərinə marağının artırılması və idman məşğələlərinə cəlb edilməsindən ibarətdir.

Qazax Olimpiya İdman Kompleksində keçiriləcək tədbir çərçivəsində iştirakçılar üçün hərbi-vətənpərvərlik, ilkin tibbi yardım, xilasetmə, konstitusiya təlimləri, müxtəlif əyləncəli və intellektual oyunlar, bundan başqa, Qazax şəhər Heydər Əliyev adına parkda Olimpiya idman növləri üzrə nümunəvi çıxışlar və konsert proqramı təşkil ediləcək.

20 noyabr 2026-cı il tarixdə saat 14:30-da Qazax şəhər Heydər Əliyev adına parkda V İdman Festivalının açılış mərasimi keçiriləcək. 21 noyabr 2026-cı il tarixdə saat 18:00-da sözügedən parkda festivalın bağlanış mərasimi keçiriləcək, nümunəvi çıxışlar, musiqili proqram, atəşfəşanlıq təşkil olunacaq.

Noyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətində V İdman Festivalının açılış mərasimi ilə əlaqədar həyata keçiriləcək hazırlıq işlərinin, təşkilati işlərin mövcud vəziyyəti müzakirə olunub.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Gənclər və İdman Nazirliyinin İdman şöbəsində sektor müdiri Elçin Qasımov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və digər aidiyyəti şəxslər iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bir daha vurğulayaraq səmimi ürək sözlərini səsləndirib. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinə görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbova razılığını ifadə edib. İcra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verdiyini vurğulayıb. Məhz bu il Qazaxın təkcə festivallara, yarışlara, turnirlərə ev sahibliyi etmədiyini, eyni zamanda, rayonun Daş Salahlı kəndində sərbəst güləş zalının istifadəyə verildiyini, hazırda həmin kənddə daha bir güləş zalının tikildiyini, Qazax şəhər stadionunun güləş zalında əsaslı təmir işlərinin aparıldığını və ayın 20-də həmin zalın da istifadəyə veriləcəyini diqqətə çatdırıb. Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən icra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilən bütün tədbirlərin, eləcə də V İdman Festivalının rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib.


Geri qayıt