Əsas Səhifə > Manşet / Təhsil > Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib

Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib


Bu gün, 19:58

Baş Prokurorluğun Kollegiyasının 26 dekabr 2025-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluqorqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” üzrə Qazax rayon prokurorluğunun tədbirlər planının icrası məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilir.

Növbəti maarifləndirici tədbir Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin IX, X və XI sinif şagirdləri üçün təşkil olunub.

Məktəblilərlə hərbi xidmətə çağırış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair və ailə zorakılığı barədə maarifləndirici söhbət aparılıb. “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” ilə əlaqədar “Təmiz gələcək - #YoxDe”, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hərbi xidmətə çağırış, hərbi xidmətdən azadetmə və ya möhlət verilməsinin şərtləri və hərbi xidmətə yararsızlığın tibbi meyarları, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə məsuliyyət, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə məsuliyyət, erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair qanunvericiliyin tələbləri, ailədaxili zorakılıq, habelə gənclər arasında hüquq pozuntuları və ictimai asayişin pozulması kimi hallar üzrə qeyd olunan hərəkətlərə yol verilməsinin hüquqi nəticələri, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan və risk qrupuna aid edilən şagirdlərlə bağlı görülmüş işlər və digər mövzularında şagirdlərlə ətraflı söhbət aparılıb.

Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, adı çəkilən qurumların əməkdaşları, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri İslam Carçıyev, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi baş leytenant Vüsal Dolxanov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax Psixiatriya Xəstəxanasının narkoloq-həkimi Nahidə Osmanova, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın üzvləri, Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin müəllim heyəti, məktəbin 9, 10, 11-ci sinif şagirdləri, məktəbdə risk qrupuna daxil edilən şagirdlərin valideynləri, kənd ağsaqqalları, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları, məktəbliləri salamlayıb, keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdıraraq, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etməyin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan icra başçısı mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib.

Rayon rəhbərliyi olaraq bütün sahələri olduğu kimi, narkomaniya, erkən nikahla bağlı mübarizə sahəsini də xüsusi nəzarətdə, daim diqqət mərkəzində saxladığını, ilk gündən bu sahələrdə barışmaz mövqedə olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya”nın, “Qəyyumluq və himayəçilik komissiyası”nın, “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu”nun, “Yerli monitorinq və əlaqələndirmə qrupu”nun Tədbirlər Planına uyğun olaraq silsilə maarifləndirici tədbirlər keçirildiyini bildirib.

Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev çıxış edərək məktəbliləri salamlayıb, onlarla olan bugünkü görüşün əhəmiyyətindən söz açıb. Rayon prokuroru hərbi xidmətə çağırış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar, erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair və ailə zorakılığı sahəsində görülmüş işlər, həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov çıxışı zamanı cəmiyyətin gələcəyinin sağlam təməllər üzərində qurulmasının vacibliyini vurğulayaraq bildirib ki, düzgün istiqamətləndirmə hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. O, qeyd edib ki, narkomaniya insan həyatını tədricən məhv edən, erkən nikah fərdlərin inkişaf imkanlarını məhdudlaşdıran, dini radikalizm isə cəmiyyətin sabitliyinə ciddi təhlükə yaradan amillərdəndir. Polis polkovniki çıxışında həmçinin vurğulayıb ki, bu kimi mənfi halların qarşısının alınması yalnız polisin deyil, eyni zamanda ailə, məktəb və bütövlükdə, cəmiyyətin birgə səylərini tələb edir. O, iştirakçılara səslənərək düzgün seçim etməyin, sağlam həyat tərzinə üstünlük verməyin və milli-mənəvi dəyərlərə sadiq qalmağın vacibliyini xüsusi olaraq diqqətə çatdırıb. Polis rəisi gənclərə narkomaniya kimi təhlükəli bəladan uzaq olmağı tövsiyə edib. Nakomaniyanın məişət zorakılığına gətirib çıxardığını söyləyib. Erkən nikahla bağlı mübarizə tədbirlərini diqqətə çatdıran natiq bu mövzuda hər kəsin cinayət daşıdığını, erkən nikaha daxil olan şəxslərlə yanaşı, ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb olunduqlarını bildirib.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. Natiq sonda bir daha gənclərə pis vərdişlərdən və ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını, erkən nikahdan çəkinmələrini, bu kimi hadisələrin şahidi olduqda aidiyyəti qurumlara məlumat vermələrini tövsiyə edib.

Qazax rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Aidə Nəzərli çıxış edərək məktəbliləri salamlayıb, onlarla təşkil olunmuş görüşün əhəmiyyətindən söz açıb. A.Nəzərli cəmiyyəti narahat edən, xüsusilə gənc nəslin şəxsi keyfiyyətlərinin formalaşmasına mənfi təsir göstərən bir sıra ictimai təhlükəli əməllərin qarşısının alınması üçün profilaktik tədbir görülməsini ehtiva edən “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” əsasında hazırlanmış Qazax rayon prokurorluğunun “Tədbirlər planı”nın icrası ilə əlaqadar hazırki tədbirin təşkil olunduğunu bildirib. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hərbi xidmətə çağırış, hərbi xidmətdən azadetmə və ya möhlət verilməsinin şərtləri və hərbi xidmətə yararsızlığın tibbi meyarları, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, bu vasitə və maddələrdən istifadənin insan orqanizminə fəsadları, erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair qanunvericiliyin tələbləri, erkən nikaha daxil olmanın fəsadları və nəticələri, ailədaxili zorakılığın uşaqlara təsiri, digər fəsadları və nəticələri, uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar valideynlik hüquqlarının məhdudlaşdırılması və yaxud valideynlik hüququndan məhrum edilmənin hüquqi əsasları mövzularında ətraflı çıxıış edib. A.Nəzərli dövlətimiz, cəmiyyətimiz üçün təhlükə mənbəyi olan narkomaniya ilə mübarizə sahəsində hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini, bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini vurğulayıb. K.Cəfərova qeyd edib ki, narkomaniya insanın narkotik və psixotrop maddələrdən asılı vəziyyətə düşməsi ilə xarakterizə olunan ciddi xəstəlikdir. Bu, yalnız insanın sağlamlığına deyil, ailəsinə, cəmiyyətə və gələcəyinə də böyük zərər vurur. Narkomaniya insan həyatını, sağlamlığını və gələcəyini təhlükə altına alan ciddi bəladır. Bu mübarizədə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Gənclərimizi bu təhlükədən qorumaq, onları maarifləndirmək və sağlam gələcəyə yönəltmək hamımızın borcudur. O, bildirib ki, erkən nikah yetkinlik yaşına çatmamış şəxslərin nikaha cəlb olunmasıdır. Bu hal xüsusilə qızların təhsilinə, sağlamlığına, psixoloji vəziyyətinə və gələcək həyatına mənfi təsir göstərə bilər. Erkən nikah uşaqların uşaqlığını, təhsilini və gələcək arzularını əlindən ala bilər. Hər bir gəncin öz həyatını qurmaq, təhsil almaq və arzularına çatmaq hüququ vardır. Qeyd edib ki, uşaqlara toy yox, təhsil və xoşbəxt gələcək lazımdır! Erkən nikaha yox deyərək, sağlam və savadlı gələcək naminə birlikdə mübarizə aparmalı olduğumuzu diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində Həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi baş leytenant Vüsal Dolxanov çıxış edərək hərbi xidmətə çağırışın əsasları və möhlət hüququnun yaranması barədə ətraflı məlumat verib.

Tədbirdə məktəblilərə Baş Prokurorluq tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması, onların insan sağlamlığına və cəmiyyətə vurduğu zərər barədə məlumatlılığın artırılması məqsədilə hazırlanmış və əvvəlcədən çap edilmiş maarifləndirici bukletlər də paylanılıb.


Geri qayıt