Əsas Səhifə > Manşet / Şəhidlər > 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunubBu gün, 20:39 |
|
Qazax Rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə təşkil olunmuş bayram tədbirində 6 il əvvəl qazandığımız şanlı Zəfərdən, tarixi Qələbədən, Vətən yolunda canlarını fəda edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qəhrəmanlığından söz açılıb. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyev və hərbi hissənin şəxsi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, şəhid ailələri, qazilər, müharibə veteranları, könüllülər iştirak ediblər. Əvvəlcə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub, şəhidlərimizə olan sonsuz ehtiram ifadə olunub. Qərargah rəisi polkovnik Əli Zülfüqarov Əlahiddə Sərhəd Diviziyasının komandirinə raportla məruzə etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Aparıcı Yusif Qoca tədbiri açıq elan edərək iştirakçıları, şəhid ailələrini, qaziləri və sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Aparıcı Azərbaycan Respublikasının tarixinə yazılmış əlamətdar günlərdən biri olan 8 Noyabr – Zəfər Gününü artıq 6 ildir ki, qalib xalqın nümayəndələri olaraq qeyd etdiyimizi söyləyib. Y.Qoca bildirib ki, Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunub. Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı, Cəbrayılın və Zəngilanın azad olunmasında, həmçinin İran-Azərbaycan Dövlət Sərhəddinin 132 km məsafəsini işğaldan tam azad edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raportla məruzə etmiş general-mayorMisir Əliyev çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə iştiraklarına görə razılığını ifadə edib. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramasını çatdıran M.Əliyev onun səmimi təbriklərini, sərhədçilərimizin ünvanına söylədiyi xoş sözləri səsləndirib. Müstəqil, qalib Azərbaycanın sərhədçiləri olaraq bundan sonra da sərhədlərimizin keşiyində ayıq-sayıq dayanacaqlarını, torpaqlarımızın ərazi bütövlüyü uğrunda səylə çalışacaqlarını vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısıRəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini bölüşüb. İcra başçısı qeyd edib ki, hər bir vətəndaşın Vətəninə bağlılığı milli-mənəvi dəyərlərinə, ailəsinə, bayrağına, dilinə, tarixinə, adət-ənənələrinə, dininə bağlılığı deməkdir. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, "Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlər boyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu şərəfli yoldur. Bu şərəfli vəzifədir". Rayon rəhbəri qeyd edib ki, Ulu Öndərin Silahlı Qüvvələr ilə bağlı siyasi dəst-xətti, ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən çox böyük fədakarlıqla həyata keçirilir. Son illərdə ölkə başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Paytaxtda və bölgələrdə yeni sərhəd zastavaları yaradılmış, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Ali Baş Komandanın 2023-cü ilin avqust ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksinin açılış mərasimində iştirakı Sərhəd Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir. Aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasında dayanır. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başladı. Azərbaycan Silahlı Qüvvələrinin şücayəti ilə 30 illik Qarabağ həsrətinə son qoyuldu. 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini, yenilməzliyini bir daha dünyaya sübut etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub. Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin ümumilikdə, 47 hərbi qulluqçusu şəhid olmuş, 197 nəfəri yaralanmış və ya müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Döyüş əməliyyatları zamanı 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfəri ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunmuşdur. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Zəngin dövlətçilik və hərb tarixinə malik Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib, düşmən üzərində tarixi zəfər çalıb. Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Tədbirdə bir qrup sərhədçi 8 Noyabr - Zəfər Günü münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Həmçinin, tədbirdə iştiraklarına görə şəhid ailələrinə, qazilərə, digər iştirakçılara Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri tərəfindən Təşəkkürnamə təqdim olunub. Sonra şanlı Zəfərimizə həsr olunmuş bayram tədbiri bədii hissə ilə davam etdirilib. Gənc müğənnilər Nəsimi Aşbazov, Zəmanə Dərviş, Əmir Qazaxlı, gənc aşıq Samir Cəlaloğlu, müğənni Rafiq Abdıyev, Bakıdan dəvət olunmuş gənc müğənnilər Sona Nərimanqızı, Tural Qismət bir-birindən şən-şux musiqi töhfələri ilə sərhədçiləri təbrik edib, bayram tədbirinə xoş ovqat qatıblar. Onu da qeyd edək ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında dünən ağacəkmə aksiyası da keçirilib. Diviziyanın ərazisində şam ağacları əkilib.
Geri qayıt |