Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
Qazaxda icra başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdiBu gün, 22:16 |
|
Torpaq, Vətən yolunda minlərlə şəhid versək də, neçə-neçə qəhrəman oğullarımız sağlamlığını bu yolda qurban versə də haqq savaşımızın sonunda şanlı Zəfər, tarixi Qələbə bizim oldu. Birinci Qarabağ müharibəsi Əhmədovlar və Nəsibovlar ailəsinin də qəlbinə ömür boyu onları göynədəcək, sızladacaq bir dağ çəkdi. Bəli, bu müharibə iki ailəni başsız qoydu, övladlar atasız, şəhid yarları isə arxa-dayaqsız qaldı. Birinci Qarabağ müharibəsində Aşağı Əskipara kəndinin igid oğulları - Əhmədov Niyaz Əkbər oğlu və Nəsibov İslam Yusif oğlu da doğma torpaq, yurd, el-oba uğrunda şirin canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Niyaz Əhmədov 27 may 1959-cu il tarixdə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1977-1979-cu illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1982-ci ildə Qazax rayon Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1985-ci ildə həmin texnikumu bitirmişdir. 1990-cı ildə könüllü müdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 28 noyabr 1991-ci ildə Aşağı Əskipara kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu Aşağı Əskipara kəndində dəfn olunub. Ailəli idi, 2 övladı yadigar qalıb. 2008-ci ilin dekabr ayında şəhidin ailəsinə dövlət tərəfindən Qazax şəhərində (hərbi şəhərciyin binası tərəf) 2 otaqlı mənzil verilib. İslam Nəsibov 1 iyul 1957-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1964-cü ildə Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1975-ci ildə keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Aşağı Əskipara kəndinin müdafiəsi zamanı gedən döyüşlərdə iştirak etmişdir. 5 noyabr 1991-ci ildə şəhid olmuşdur. İgid Vətən oğlu Aşağı Əskipara kəndində dəfn olunub. Vaxtilə təhsil aldığı Qazax rayon Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbi bu gün şəhidin adını daşıyır. Ailəli idi, 2 övladı olub. 1 övladı vəfat edib. Şirin canlarını Vətənə qurban verən qəhrəman şəhidlərimizin ailələri nə az, nə çox düz 34 ildir ki, igid Vətən oğullarının həsrəti, niskili ilə yaşayır. Vətən həsrəti ilə yanaşı, onların niskilini də qəlblərində daşıyır. İllərdir şəhidlərimizin ömür-gün yoldaşlarının, övladlarının bir istəyi, arzusu vardı ki, bircə dəfə olsa belə qəhrəman şəhidlərimizin məzarlarını uzun həsrətdən sonra işğaldan azad olunmuş Aşağı Əskipara kənd qəbiristanlığında olan qəbirlərini ziyarət etsinlər. Bu gün şəhidimiz Niyaz Əhmədovun həyat yoldaşı Nazdı Həsənova və övladlarının, şəhidimiz İslam Nəsibovun həyat yoldaşı Aybəniz Əsgərova və övladlarının, eləcə də hər iki şəhidimizin bacı və qardaşlarının o arzusu gerçək oldu. Hər zaman şəhid ailələrinin, qazilərin, məcburi köçkün ailələrinin yanında olan, onlara qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 8 Noyabr – Zəfər Günü ərəfəsində hər iki şəhidimizin ailəsinin arzusunun reallaşması üçün əlindən gələni əsirgəmədi. İcra başçısı uzun həsrətdən, niskildən sonra doğma yurd yerlərinə, Aşağı Əskiparaya elə həmin şəhid ailələri ilə birlikdə ayaq basıb. Bəli, şəhidlərimizin ailə üzvləri 34 illik həsrətdən sonra illər öncə mənfur düşmən üzündən çıxmalı olduqları Aşağı Əskipara kəndində oldular. Şəhid ailələri dağıdılmış, uçurulmuş qəbirləri görməyin onlar üçün nə qədər çətin olsa da, uzun illərin ayrılığından sonra doğmalarına qovuşduğu üçün ürəklərinin toxtaqlıq tapdığını qeyd ediblər. “34 illik həsrətdən sonra doğmamıza qovuşduq. Artıq ölsək də gözümüz arxada qalmayacaq. 8 Noyabr – Zəfər Günü ərəfəsində doğmalarımızın məzarını ziyarət etmək bizim yaddaşımıza ən gözəl, ülvi bir xatirə kimi yazıldı”, - deyən şəhid ailələri bu anı onlara yaşadan, doğma torpağı görmək şansını onlara bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə minnətdar olduqlarını dilə gətiriblər. Şəhdlərimizin ailə üzvləri doğma kəndlərinə getmək, əzizlərinin qəbirlərini ziyarət etmək üçün onlara şərait yaratdığına görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyevə, sərhədçilərə minnətdarlıq etməyi də unutmayıblar. Şəhid ailələri illərdir ürəklərində yaşatdıqları bu aruzunun gerçəkləşməsində göstərdiyi dəstəyə görə rayon rəhbərinə sonsuz təşəkkürlərini ifadə ediblər. Şəhid ailələrinin ağrı-acısını onlarla birlikdə çəkən rayon rəhbəri bu çətin anda onların yanında olduğu üçün özünü şanslı hiss etdiyini qeyd edib. “Özümə borc bildim ki, bu çətin anda sizlərin yanında olum, kədərli gününüzdə sizləri tək qoymayım. Dərdinizi birlikdə çəkək”, - deyən icra başçısı Rəcəb Babaşov işğaldan azad olunmuş torpaqlarımızda, azad edilmiş kəndlərimizdə inşa ediləcək yeni evlərdə yaşayacaqları günün elə də uzaqda olmadığını bildirib. Ölkə Prezidentinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunmuş yurd yerlərimizin yenidən cənnətə çevriləcəyini söyləyib. Birinci Qarabağ müharibəsi şəhidi Əhmədov Niyaz Əkbər oğlunun ailə üzvləri ilə birlikdə Aşağı Əskipara kəndində olan məzarını ziyarət edərkən
Birinci Qarabağ müharibəsi şəhidi Nəsibov İslam Yusif oğlunun ailə üzvləri ilə birlikdə Aşağı Əskipara kəndində olan məzarını və evində ailəsini ziyarət edərkən
Geri qayıt |