Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsi şəhidi çavuş Elməddin Nəsibovun ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
Vətən müharibəsi şəhidi çavuş Elməddin Nəsibovun ildönümündə əziz xatirəsi ehtiramla yad edilibBu gün, 15:39 |
|
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Oktyabrın 29-u 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin altıncı ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 6 il ötür. Bu gün Elməddin Nəsibov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Oktyabrın 29-da Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul işçiləri, şəhid ailələri Ağköynək kəndində şəhidimizin evində olub, qəhrəman şəhidimizin ildönümündə ailəsini ziyarət edərək igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıblar. Birinci müavin Məmməd Alıyev şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin müəllifləri olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Elməddin kimi minlərlə şəhidimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu bildirib. Elməddin kimi qəhrəmanlarımızla Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu qeyd edib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu bildirib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü qeyd edən birinci müavin şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
ŞəhidElməddin Nəsibov 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Orta təhsilli idi. 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2003-cü ilin aprel ayında tərxis olunmuşdur. 12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək “N” saylı hərbi hissədə “Pulemyot manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. “N” saylı hərbi hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qızı yadigar qalıb. Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhidimizin də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Qəhrəman şəhidimizin doğulduğu kənddə evinə gedən yolda adını əbədiləşdirən bulaq inşa olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.
Geri qayıt |