Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsi şəhidi kiçik gizir Röyal Mədətov ildönümündə ehtiramla yad edilib
Vətən müharibəsi şəhidi kiçik gizir Röyal Mədətov ildönümündə ehtiramla yad edilibDünən, 13:06 |
|
Oktyabrın 24-ü döyüş yoldaşlarının “Qara qartal" ləqəbi verdiyi, göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 6 il ötür. Oktyabrın 24-də Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul işçiləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhid ailələri rayonun Hüseynbəyli kəndində olub, şəhidimizin ildönümündə ailəsini ziyarət ediblər. Vətənin azadlığı uğrunda canını fəda edən Röyal Mədətovun təkcə ailəsinin deyil, bütöv Azərbaycanın, doğma Qazax elinin övladı, əzizi olduğunu bildirilib. Qəhrəman şəhidlərimizin qəlbimizdə əbədi yaşayacaqlarını qeyd edilib. 44 günlük haqq savaşında tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran bütün şəhidlərimiz kimi, Röyal Mədətovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağı, xatirəsinin daim əziz tutulacağı vurğulanıb.
Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur. Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.
Geri qayıt |