Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb
Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun ildönümündə əziz xatirəsi ehtiramla anılıbBu gün, 17:12 |
|
Oktyabrın 22-si 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 6 il ötür. Bu gün Mayis Yaqubov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Oktyabrın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhid ailələri Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun ildönümündə ailəsini ziyarət ediblər. İgid Vətən oğlunun ata ocağında ailəsini ziyarət edən icra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Rayon rəhbəri Vətən uğrunda canlarını fəda edən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğunu söyləyib. Vətən üçün canını fəda edən Mayis Yaqubov kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlığın hər kəs üçün örnək olduğunu, Mayis kimi oğullarımızın hər an bizim qəlbimizdə yaşayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Mayis kimi qəhrəman şəhidimizə, qazilərimizə minnətdar olduğumuzu dilə gətirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu bildirib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü qeyd edən icra başçısı şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin 8-ci sinifini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub. “N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. İgid Vətən oğlunun doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.
Geri qayıt |