Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıbBu gün, 18:32 |
|
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.
Oktyabrın 11-i 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun altıncı ildönümüdür. Qəhrəman şəhidimizin yoxluğundan artıq 6 il ötür. Oktyabrın 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhid ailələri rayonun Orta Salahlı kəndində igid Vətən oğlunun evində olub, qəhrəman şəhidimizin ildönümü ərəfəsində əziz xatirəsini dərin ehtiramla yad ediblər. Şəhidimizin ruhuna dua oxunub, xatirəsi böyük ehtiramla anılıb. Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənib. 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan Anar və onun kimi igid oğulların döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin heç zaman unudulmayacağı, daim xatırlanacağını qeyd edilib. Xalq olaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Anar və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuz vurğulanıb. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu, Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirilib.
ŞəhidAnar Vəliyev 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir. Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin operatoru əsgərAnar Vəliyev 11.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev 11.10.2020-ci ildə doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Anar Vəliyev cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Yaşadığı evin önündə barelyefi vurulub.
Geri qayıt |