Əsas Səhifə > Manşet / Səhiyyə > Qazax Rayon İcra Hakimiyyəti başçısından nümunəvi addım
Qazax Rayon İcra Hakimiyyəti başçısından nümunəvi addımBu gün, 14:49 |
|
Yanğın zamanı Qazax Rayon Psixiatriya Xəstəxanasına bitişik yeməkxananın dam örtüyünün yanar konstruksiyaları yandı, həmçinin, yeməkxananın daxilində yerləşən qab yuyulan yer, işçilər üçün olan otaq, yemək bişirilən yer, xəstələrin yemək yediyi yer (40 nəfərlik), ərzaq saxlanılan anbar yanaraq yararsız vəziyyətə düşdü. Eyni zamanda, yeməkxananın və anbarın içərisində olan məişət əşyaları (soyuducu, stol, stul və digər avadanlıqlar, ərzaq məhsulları) tamamilə yandı. Fövqəladə Hallar Nazirliyinin Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin əmkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın zamanı xəsarət alan olmadı. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hadisə baş verən ilk andan bu günə kimi Qazax Rayon Psixiatriya Xəstəxanasında müalicə alan xəstələrə qayğısını əsirgəmədi, dəfələrlə xəstəxanaya baş çəkərək onlara xüsusi diqqət ayırdı. İcra başçısının rəhbərliyi altında yanğın hadisəsindən sonra mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində lazımi addımlar atıldı. Belə ki, xəstələrin yemək yemələri üçün yeməkxana və mətbəx təmir olunana kimi xəstəxananın həyətində 50 nəfərlik çadır quruldu, yemək bişirmək üçün müvəqqəti mətbəx yaradıldı, qab-qacaq, eləcə də digər ləvazimatlar alındı, ərzaq təminatı ilə təmin olundu. Təqdirəlayiq olan isə odur ki, rayon rəhbərliyi bütün bunlarla kifayətlənməyib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Qazax Rayon İcra Hakimiyyətinin mətbəxinə baxış keçirən rayon rəhbəri həmin mətbəxi xəstələrə yemək bişirilməsi üçün onların istifadəsinə verib. Artıq xəstələr üçün isti yeməklər məhz bu mətbəxdə bişirilərək qısa vaxtda onlara çatdırılır. Bunun üçün lazım olan hər cür şərait yaradılıb, bişmiş yeməklərin daşınması üçün maşın da ayrılıb. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ayrılmış keyfiyyətli ərzaq məhsullarının yüksək səviyyədə saxlanılması üçün lazımi şərait yaradılaraq təmin edilib. Xəstələr üçün ayrılan diqqət, onların yüksək keyfiyyətli yeməklərlə təmin olunması üçün yaradılan bu şərait Qazaxda vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir. Eyni zamanda, ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının bariz nümunəsi deməkdir.
Geri qayıt |