|
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Artıq ilin əvvəlindən başlayaraq “Qazax İdman paytaxtı – 2026” çərçivəsində silsilə tədbirlər təşkil olunur.
Oktyabrın 3-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Motosiklet İdmanı Federasiyası (AMİF) və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsi keçirilib. Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarının kənarında keçirilən çempionatda ölkənin ən güclü idmançıları sürət, bacarıq və çempionluq uğrunda mübarizədə öz güclərini sınayıblar. 250 cc və 450 cc yarış sinifləri üzrə keçirilən çempionatda motosiklet həvəskarları və azarkeşlər unudulmaz anlar, yüksək adrenalin yaşayıblar.



Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov, I vitse-prezident Sabir Babayev, federasiyanın digər əməkdaşları, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, idmaçılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək qonaqları və iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qərbin qapısı sayılan Qazaxda belə bir möhtəşəm çempionatın keçirilməsinə görə Azərbaycan Motosiklet İdmanı Federasiyasının rəhbərliyinə razılığını ifadə edən birinci müavin bu cür çempionatların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Gənclərin zərərli vərdişlərdən uzaq durmaları üçün bu cür idman yarışlarının keçirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Yarışacaq idmançılara uğurlar arzulayıb.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək iştirakçıları salamlayıb, idmançılara uğurlar arzu edib. Ə.Məsmalıyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının müvafiq qərarına əsasən Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçildiyini, bu münasibətlə Qazaxın mötəbər tədbirlərə, yarışlara, çempionatlara ev sahibliyi etdiyini, ilin sonuna kimi yüksək səviyyəli tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Azərbaycan Motosiklet İdmanı Federasiyasının təşkil etdiyi bugünkü çempionatı həmin silsilə tədbirlərin davamı kimi qiymətləndirərək bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edib.
Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qərbin qapısı sayılan Qazaxda olmaqdan məmnunluq duyduğunu dilə gətirib. Göstərilən qonaqpərvərliyə, eləcə də çempionatın keçirilməsi üçün göstərilən dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov başda olmaqla, əziyyəti keçən insanlara razılığını ifadə edib. Azərbaycan Respublikası Motokros Çempionatının III Mərhələsinin keçirilməsinin İdman Paytaxtı seçilmiş Qazax üçün növbəti töhfə olduğunu qeyd edib.
Çıxışlardan sonra idmançılar 250 cc və 450 cc yarış sinifləri üzrə mübarizədə öz güclərini sınayıblar.
Sonda qaliblərə Kubok, Diplom və pul mükafatı təqdim olunub. Xatirə şəkilləri çəkdirilib.























Geri qayıt
|