Əsas Səhifə > Manşet / Rəsmi > “PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu
“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax oldu2-10-2026, 16:44 |
|
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəcəb Babaşov, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında gənclərin əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnmələrinin, onların peşə seçimində düzgün istiqamətləndirilmələrinin vacibliyini vurğulayıb. O, “PeşəFest”in xüsusilə də regionlarda yaşayan gənclərə müxtəlif peşələr üzrə real imkanları tanımaq, əmək bazarındakı tələblərlə tanış olmaq və gələcək karyera seçimində uğurlu qərar vermək imkanı yaratdığını bildirib.
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər. Tədbirdə həmçinin, qazaxlı yeniyetmə idmançılar öz məharətlərini nümayiş etdiriblər. Eləcə də, regionda fəaliyyət göstərən peşə məktəblərinin tələbələrinin hazırladıqları məhsullar sərgilənib. Qeyd edək ki, növbəti “PeşəFest-2026” oktyabr ayının 5-də Bərdə şəhərində keçiriləcək. Beləliklə, festivalın keçiriləcəyi rayonlar belədir: Bərdə - 5 oktyabr Saatlı – 7 oktyabr Masallı – 9 oktyabr Naxçıvan – 13 oktyabr Ordubad – 15 oktyabr Bakı – 22 oktyabr “PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir. Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi “PeşəFest-2026”da fəal iştiraka dəvət edirik. https://dma.gov.az/media/xeberler/pesefest-2026nin-novbeti-dayanacagi-qazax-oldu
Geri qayıt |