Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
İcra başçısı Milli Qəhrəman Aqil Musayevin anasının dəfn mərasimində iştirak edib və ailəsinə başsağlığı veribDünən, 20:17 |
|
Vətənin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayon Hüseynbəyli kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunmuşdur. Qazax şəhərindəki küçələrdən biri şəhidimizin adını daşıyır. Xatirəsini əbədiləşdirən bulaq tikilmişdir. 30.09.2026-cı il tarixdə qəhrəman şəhidimizin anası Musayeva Səkinə Nuranı qızı vəfat edib. Şəhid anası bu gün Ağköynək kənd qəbiristanlığında dəfn edilib. Oktyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid anasının dəfn mərasimində iştirak edib və mərhumun ailəsinə başsağlığı verib. İcra başçısı Rəcəb Babaşov mərhum Səkinə Musayevanın vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşına dərin hüznlə başsağlığı verib. Rayon rəhbəri qeyd edib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var Aqil Musayev kimi qəhrəman oğullarımız daim qəlblərdə yaşayacaq. Rayon rəhbəri ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Geri qayıt |