Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhid anasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

İcra başçısı şəhid anasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib


Dünən, 19:13

Şəhidlik zirvəsinə ucalmaq - Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.

Birinci Qarabağ müharibəsində qanı ilə tarix yazan oğullarımızdan biri də şəhid Əhmədov Famil Fərman oğludur. Famil Əhmədov 01.03.1971-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1977-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Həmin ildə indiki Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə daxil olmuşdur. Peşə məktəbini bitirdikdən sonra maşın ustası işləmişdir. 1991-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır. Birinci Qarabağ müharibəsi zamanı 29.12.1992-ci il tarixdə Lələkənd yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Subay idi. Qazax şəhərində adına küçə var.

28.09.2026-cı il tarixdə qəhrəman şəhidimizin anası Əhmədova Validə Adil qızı vəfat edib. 29.09.2026-cı il tarixdə dəfn olunan şəhid anasının bu gün üç mərasimi olub.

Oktyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhidimizin ata ocağında olub. Rayon rəhbəri şəhid anası mərhum Validə Əhmədovanın vəfatından kədərləndiyini bildirib, şəhidin qardaşına, yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını vurğulayıb. Şəhidlərimizlə yanaşı, onların ata və analarının, övladlarının, yaxınlarının da bizlər üçün doğma olduqlarını qeyd edib.


Geri qayıt