Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Qazaxda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub


Dünən, 10:44

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108 illiyi və prokurorluq işçilərinin peşə bayramı günüdür. 108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək, bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib. Bu yol dövlət quruculuğunun mürəkkəb və mühüm mərhələləri, müstəqilliyin bərpası, hüquqi islahatlar və ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnir.Artıq 28 ildir ki, hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalayıb.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 108 illiyi qeyd olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax Rayon Prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev, digər prokurorluq əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.

Əlamətdar gün münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sekorunun baş məsləhətçisi Gülnar Quluyeva tədbiri açıq elan edərək iştirakçıları və prokurorluq əməkdaşlarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 108 illiyi münasibətilə Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev başda olmaqla, prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik edib, ən xoş arzularını çatdırıb. İcra başçısı Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev tərəfindən Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlardan söz açıb. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasətinin bu gün öz bəhrəsini verdiyini qeyd edib. Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yenilənməsi istiqamətində məqsədyönlü addımlar atıldığını vurğulayıb. İcra başçısı Azərbaycan Prokurorluğunun 108 illiyini və peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi Zəfər əhvali-ruhiyyəsi ilə qeyd edən prokurorluq əməkdaşlarının bu gün öz fəaliyyətlərini yeni çağırışlara, müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində yorulmadan çalışdıqlarını qeyd edib.

Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı, Cəbrayılın və Zəngilanın azad olunmasında, həmçinin İran-Azərbaycan Dövlət Sərhəddinin 132 km məsafəsini işğaldan tam azad edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raportla məruzə etmiş general-mayorMisir Əliyev, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov, Qazax Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Vüsal Qurbanov və başqalarıçıxış edərək hüquq-mühafizə orqanlarının rəhbərləri adından Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev başda olmaqla, prokurorluq sahəsində çalışan bütün əməkdaşları təbrik edib, səmimi ürək sözlərini çatdırıblar.Azərbaycan Prokurorluğunun tarixinə və keçdiyi inkişaf yoluna bir daha nəzər salan natiqlər müstəqil, suveren, qalib Azərbaycan dövlətinin çiçəklənməsi naminə şərəfli işlərində, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qazax rayon prokuroru, baş ədliyyə müşaviri Rövşən Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Baş Prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin prokurorluq orqanlarında çalışan əməkdaşlara ünvanladığı təbrik məktubunu səsləndirib, ünvanlarına səslənən xoş sözlərə, səmimi təbriklərə görə başda baş prokuror olmaqla, rayon rəhbərliyinə, digər çıxışçılara razılığını ifadə edib. R.Əliyev Prokurorluq orqanları üçün 108 il əvvəl əsası qoyulan yolun dəyişən zamanla, yenilənən tələblərlə və qarşıda duran yeni vəzifələrlə bu gün də uğurla davam etdiyini bildirib. Zaman dəyişdikcə prokurorluğun qarşısında dayanan vəzifələrin də yeniləndiyini, dəyişməyən əsas məqamın isə dövlətçilik, qanunçuluq və insan hüquqlarının qorunmasına xidmət etmək olduğunu qeyd edib. Rayon prokuroru bundan sonra da xalq və dövlət naminə üzərinə düşən vəzifələrin öhtəsindən layiqincə gəlmək üçün var qüvvələri ilə çalışacaqlarını söyləyib. R.Əliyev prokurorluq işçilərinin peşə bayramı ərəfəsində onların əməyinə verilən dövlət qiymətini yüksək dəyərləndirib. Prezident İlham Əliyevin sentyabrın 28-də imzaladığı “Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında” Sərəncama əsasən, 1 nəfərə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 2 nəfərə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 1 nəfərə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilməsini, dövlətimizin başçısının digər Sərəncamı ilə 4 nəfərin “Tərəqqi” medalı, 18 nəfər “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunmasını

prokurorluq orqanlarında çalışan əməkdaşların əməyinə verilən ən ali dəyər kimi qiymətləndirib.

1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Qazax rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Əmirli Nihad Telman oğlu və Qazax rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas Hacıyev Orxan Həsən oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.

Onu qeyd edək ki, Azərbaycanda prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il oktyabrın 1-də prokurorluq orqanları yaradılıb. Cümhuriyyətin süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycanda sovet prokurorluğunun əsası qoyulub. Dövlət müstəqilliyinin bərpasından və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının fəaliyyətində də yeni mərhələ başlayıb. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi müəyyən edib. Bu statusa uyğun olaraq, 1999-cu il 7 dekabr tarixli “Prokurorluq haqqında” Qanunla prokurorluğun fəaliyyət istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilib. Müasir prokurorluğun formalaşmasına gəlincəAzərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması müstəqillik illərində həyata keçirilən hüquqi və institusional islahatlarla bağlı olub. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf konsepsiyası əsasında prokurorluq sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının artırılması və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlətimizin başçısının 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqram çərçivəsində prokurorluğun hüquq sistemində rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin 2020-ci il 16 iyun tarixli Sərəncamına əsasən, Baş Prokurorluğun yeni strukturu təsdiq olunub. Prokurorluq orqanlarında aparılan sistemli islahatların mühüm istiqamətlərindən biri də xidmətə bilikli, müasir dünyagörüşlü və yüksək əxlaqi keyfiyyətlərə malik gənclərin cəlb olunmasıdır. İşə qəbulun müsabiqə yolu ilə aparılması nəticəsində gənc hüquqşünaslar bu gün prokurorluğun kadr korpusunun böyük hissəsini təşkil edir. “Elektron Prokurorluq” informasiya sisteminin yaradılması da fəaliyyətin müasir texnologiyalar əsasında qurulmasına imkan verib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnməklə yanaşı, dövlət qurumlarının qarşısında yeni vəzifələr də müəyyənləşdirib. Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə və infrastruktur obyektlərinə qarşı törətdiyi təxribatlarla bağlı prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, istintaq tədbirləri həyata keçirilib. Müharibə dövründə Azərbaycanın Baş prokuroru Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı müxtəlif ölkələrin baş prokurorlarına və aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb. Prokurorluğun fəaliyyətinin inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” da qurumun qarşısında duran vəzifələrin icrasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına yönəlib. Bu gün prokurorluq orqanlarının fəaliyyəti işğaldan azad edilmiş əraziləri də əhatə edir. Həmin ərazilərdə rayon və şəhər prokurorluqlarının fəaliyyətinin bərpası, zəruri infrastrukturun yaradılması və xidmətin aparılması üçün inzibati binaların istifadəyə verilməsi istiqamətində tədbirlər görülür. Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən qurulması ilə paralel olaraq, burada hüquq və qanunçuluğun təmin edilməsi də diqqətdə saxlanılır.

Azərbaycan Prokurorluğunun xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı da genişləndirilir. Müxtəlif ölkələrin nümayəndə heyətlərinin Azərbaycana səfərləri, eləcə də Baş prokurorun rəhbərliyi ilə nümayəndə heyətlərinin xarici ölkələrə səfərləri çərçivəsində hüquq-mühafizə sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılır.

Korrupsiyaya qarşı mübarizə də bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib. Həmin istiqamətdə beynəlxalq əməkdaşlığın növbəti mühüm tədbirlərindən biri oktyabrın 27-28-də Bakıda keçiriləcək. Həmin tarixlərdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün keçirilməsi nəzərdə tutulur.

Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində onların əməyinə verilən dövlət qiyməti də diqqət çəkir. Prezident İlham Əliyevin sentyabrın 28-də imzaladığı “Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında” Sərəncama əsasən, 1 nəfərə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 2 nəfərə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, 1 nəfərə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Dövlətimizin başçısının digər Sərəncamı ilə 4 nəfər “Tərəqqi” medalı, 18 nəfər “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Prokurorluq orqanları üçün 108 il əvvəl əsası qoyulan yol dəyişən zamanla, yenilənən tələblərlə və qarşıda duran yeni vəzifələrlə bu gün də davam edir. Zaman dəyişdikcə prokurorluğun qarşısında dayanan vəzifələr də yenilənir. Dəyişməyən əsas məqam isə dövlətçilik, qanunçuluq və insan hüquqlarının qorunmasına xidmət etməkdir.

Bu gün Azərbaycan Prokurorluğunun əməkdaşları peşə bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. Qarşıda isə yeni çağırışlar dayanır. Bunlar qanunun aliliyinin təmin edilməsinin və cinayətkarlığa qarşı mübarizənin davam etdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi, fəaliyyətin müasir standartlara uyğun daha da təkmilləşdirilməsi və digər bu kimi məsələlərdir.


Geri qayıt