Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib
İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edibBu gün, 15:00 |
|
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə Sərxan kimi qəhrəman oğullarımızın hərb tariximizdə şanlı salnamə yazdıqlarını bildirib. İllər ötsə belə Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixinin, xalqımızın 30 illik yurd həsrətinə son qoyan igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin heç zaman unudulmayacağını bildirib. İllər keçsə də Sərxan tək igid oğullarımızın, onların keçdikləri döyüş yollarının gələcək nəsillərə örnək olacağını qeyd edib. "Şəhid ailələrinin qayğıya, diqqətə ehtiyacı vardır. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır”, - deyən icra başçısı Qazaxda bu amilin hər zaman ön planda olduğunu qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Şəhid atası Elxan Abdullayev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, millət vəkilinə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladı və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib. Gizir Sərxan Abdullayev 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən igid Vətən oğlu 28.09.2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki oğul övladı yadigar qalıb. Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhərin Əliağa Şıxlinski küçəsində igid Vətən oğlunun adını əbədiləşdirən bulaq inşa olunub. Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun,gizir Əhmədov Elvin Qələndər oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.
Geri qayıt |