Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 27 Sentyabr - Anım Gününə həsr edilmiş rəsm sərgisi təşkil edilib
Qazaxda 27 Sentyabr - Anım Gününə həsr edilmiş rəsm sərgisi təşkil edilibDünən, 23:49 |
|
Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi artıq 6 ildir ki, ölkəmizdə Anım Günü kimi qeyd olunur. 27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Sentyabrın 23-dəQazax Rayon İcra Hakimiyyəti və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr edilmiş rəsm sərgisi təşkil edilib.Sərgidə 44 günlük Vətən müharibəsini simvolizə edən 44 ədəd rəsm əsəri sərgilənib. Qazax Dövlət Rəsm Qalereyasında keçirilən sərgidə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qalereyanın direktoru Münəvvər Xəlilova, şəhid ailələri, müharibə əlilləri, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, sərhədçilər, KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işləri və rəsmlərlə tanış olublar. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı, Qazax RİH başçısı aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan kapitan Samir Çobanov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, 44 günlük Vətən müharibəsinin altıncı ildönümünə həsr edilmş tədbirin əhəmiyyətindən söz açıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini səsləndirib. İcra başçısı 44 günlük Vətən müharibəsinin altıncı ildönümü münasibətilə təşkil olunmuş sərginin əhəmiyyətindən söz açıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına şanlı Zəfərin, tarixi Qələbənin qazanıldığını, 27 sentyabr tarixinin Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldığını bildirib. İcra başçısı qeyd edib ki, Azərbaycanın haqq savaşı, Vətən müharibəsi 2020-ci ilin 27 sentyabrında başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdik. Vətən müharibəsində qazandığımız tarixi Qələbənin davamı 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi oldu. Bu gün Xankəndidə və Xocalı şəhərində, eləcə də digər yurd yerlərimizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır. Rayon rəhbəri illər keçsə də şanlı zəfəri bizə bəxş edən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin heç zaman unudulmayacağını qeyd edərək təşkil olunmuş bugünkü sərginin də məhz bu amala xidmət etdiyini bildirib. Gələcəyimiz olan gənclərin rəsmlərində, əl işlərində Vətənə sevginin, şəhidlərimizə olan böyük ehtiramın əks olunduğunu qeyd edən icra başçısı bunu sərgidə yer alan şəkillərdən aydın şəkildə göründüyünü vurğulayıb. Gənclərin şəhidlərini unutmadıqlarını, fırçanın dili ilə çəkdikləri rəsmlərdə yaşatdıqlarını, igid Vətən oğullarının döyüş meydanında olan əzmlərini, qəhrəmanlıqlarını fırçanın dili ilə diqqətə çatdırdıqlarını söyləyib. Rayon rəhbəri çəkilən rəsmləri yüksək qiymətləndirərək gənclərə uğurlar arzulayıb. Sərginin təşkilində əziyyəti olan insanlara razılığını ifadə edib. Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş polkovnik-leytenant Amil Göyüşov, Daş Salahlı kənd Sənətkarlıq Evinin müdiri Natəvan Mustafayeva çıxış edərək şanlı zəfərlə dolu olan 44 günlük Vətən müharibəsindən 6 il keçdiyini, 44 günlük haqq savaşında əldə etdiyimiz tarixi qələbənin memarının Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun ətrafında sıx birləşərək canlarını Vətən yolunda fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz olduğunu bildiriblər. Nə qədər Azərbaycan xalqı var, şəhidlərimizin heç zaman unudulmayacağını, daim qəlblərdə yaşayacaqlarını, yazılan kitablarda, fırça ilə çəkilmiş rəsmlərdə yaşadılacaqlarını, gələcək nəsillərə tanıdılacaqlarını vurğulayıblar. Çıxış edənlər qeyd ediblər ki, bu gün sərgidə yer alan rəsmlərdə şəhidlərimizin, igid Vətən oğullarının döyüş əzminin, qəhrəmanlıqlarının, üçrəngli bayrağımızın, Müzəffər Ali Baş Komandanın dəmir yumruğunun əks olunmasıgənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasından, Vətənə olan sevgilərinin, bağlılıqlarının yüksək səviyyədə olmasından xəbər verir. Sonda xatirə şəkli çəkdirilib.
Geri qayıt |