Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilibBu gün, 13:32 |
|
30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazaxın igid, mərd oğulları da döyüşlərdə əsl qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər. Tarix yazan qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu gün xalq olaraq bizə qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən Azərbaycanın qorxmaz Vətən övladlarına borcluyuq. Tarixi Qələbəni yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna, torpaqlarımız uğrunda canlarından keçən qəhrəman oğullarımıza, sağlamlığını itirən qazilərimizə minnətdarıq. Onlar heç zaman unudulmayacaq. Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizim mənəvi borcumuzdur. Respublika Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi artıq 6 ildir ki, ölkəmizdə Anım Günü kimi qeyd olunur. Qazaxda bütün şəhidlərimizin, Vətən yolunda canlarından keçərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur. Fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi hər il olduğu kimi bu il də şəhidlərimizi yad edib. Həmişə olduğu kimi, bu il də 27 Sentyabr - Anım Günü tədbirlərinə Vətən müharibəsi şəhidlərinin məzarlarının ziyarət olunması ilə start verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalaraq icra aparatının məsul şəxsləri, şəhidlərimizin ailə üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın məzarlarını ziyarət edib. İcra başçısı rayonun Daş Salahlı, Çaylı, Bala Çaylı kəndlərində olaraqqəhrəman oğullarımızın məzarlarını ziyarət edib, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb. İgid Vətən oğullarının ruhlarına dualar oxunub. İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca bütün şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəs üçün örnək olmalıdır. "Bu gün özümə borc bildim ki, Anım Günü ərəfəsində şəhidlərimizin məzarlarını ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytarmış olaq. Çünki şəhidlərimiz üçün nə etsək azdır”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhid ailələri hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum və anım günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını razılıq hissi ilə qarşılayan şəhid ailələri igid Vətən oğullarının adlarının yaşadılması istiqamətində görülmüş işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi dəyərləndiriblər. Daş Salahlı kəndinin igid oğlu Süleymanov Süleyman Elçin oğlunun məzarını ziyarət
Sağlığında “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medalları, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Daş Salahlı kəndinin igid oğlu gizir Kərimov Azad Zakir oğlunun məzarını ziyarət
Daş Sahahlı kənd Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kəndinin igid oğlu əsgər Allahverdiyev Sakit Şahin oğlunun məzarını ziyarət
Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kəndinin igid oğlu gizir Məmmədov Səbuhi Hümbət oğlunun məzarını ziyarət
Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Çaylı kənd sakini, şəhid əsgər Qocayev Niftalı Zakir oğlunun məzarını ziyarət
Geri qayıt |