Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının sentyabr ayında vətəndaşlarla keçirilən növbəti səyyar görüşü şəhər sakinləri ilə olub
Qazaxda icra başçısının sentyabr ayında vətəndaşlarla keçirilən növbəti səyyar görüşü şəhər sakinləri ilə olubDünən, 22:35 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Qazax şəhəri Məhəmməd Əmin Rəsulzadə və ətraf küçələrdə yaşayan sakinlərlə olub. Sentyabrın 17-də Qazax Dövlət Sosial-İqtisadi Kollecin inzibati binasında keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, sakinlər iştirak ediblər.
İcra başçısı son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın bölgələrində, o cümlədən də Qazax rayonunda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini söyləyib. Rayonda həyata keçirilən quruculuq işlərindən söz açan icra başçısı xüsusilə ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasını, səkilərə yeni tamet, bardür düzülməsini qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasını, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işlərinin aparıldığını qeyd edib. Şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsinin də abadlaşan küçələr sırasında olduğunu, həmin küçəyə yeni asfalt örtüyünün çəkildiyini, müasir işıqlandırma sisteminin quraşdırıldığını, SİP kabelləşmə işinin və müasir internet xəttinin çəkildiyini, bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhərin digər küçələrində, o cümlədən M.Ə.Rəsulzadə küçəsinə bitişik ara küçələrə də asfalt örtüyünün vurulmasının nəzərdə tutulduğunu qeyd edib. İcra başçısı son illər rayonda aparılan abadlıq işlərinin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. İdman paytaxtı çərçivəsində rayonda keçirilən tədbirlərdən söz açan icra başçısı tədbirlərin ilin sonuna kimi davam etdiriləcəyini bildirib. İcra başçısı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti qələbəsi kimi qiymətləndirib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib.
İcra başçısı şəhərdaxili və kəndarası marşrutlarda hərəkət qrafikinə nəzarətin artırılması və digər məsələlərin daim nəzarətdə saxlanıldığını, bununla bağlı aidiyyəti qurumların iştirakı ilə marşrut sürücüləri ilə görüş keçirildiyini diqqətə çatdırıb. Marşrut sürücüləri ilə keçirilən görüşdə şəhərdaxili və kəndarası marşrutlarda hərəkət qrafikinə nəzarətin artırılması, avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması, marşrutların dayanacaqlarda saxlanılması, həmçinin, marşrutlarda təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edildiyini bildirib. Qeyd edilənlərə əməl edilmədiyi təqdirdə barələrində qanunamüvafiq qaydada ciddi tədbir görüləcəyini bir daha sürücülərin diqqətinə çatdırıldığını vurğulayıb. Həmçinin, 2026-2027-ci tədris ilinin başlanması ilə əlaqədar müəllim və şagirdlərin ictimai nəqliyyatdan istifadə etdiklərini nəzərə alaraq marşrut sürücülərinə müvafiq tapşırıqların verildiyini söyləyib.
“Hər zaman vətəndaşın yanında olmuşuq. Vətəndaş-məmur münasibəti iş fəaliyyətimizin tərkib hissəsidir”, - deyən icra başçısı sakinlərin M.Ə.Rəsulzadə küçəsinə bitişik ara küçələrə də asfalt örtüyünün vurulması, sözügedən küçədə park salınması ilə bağlı müraciətlərini dinləyib, səslənən məsələlərə həssaslıqla yanaşılacağını qeyd edib.
Geri qayıt |