Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı verilmiş tapşırıqların icrası ilə yerində maraqlanıb

Qazaxda icra başçısı verilmiş tapşırıqların icrası ilə yerində maraqlanıb


Bu gün, 20:45

Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla icra olunması sayəsində respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir. Görülmüş işlər nəticəsində nəinki paytaxt Bakı, eləcə də bütün bölgələrimiz gündən-günə müasirləşir, gözəlləşir. Bunu son bir neçə ildə Qazaxın timsalında, rayonda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda həyata keçirilən işlərdən biri də rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən təqdirəlayiq işlərdir.

2026-cı ildə Qazax şəhərində yolların əsaslı təmiri işlərində nəzərdə tutulmuş Fərrux Qayıbov, Babək, Şah İsmayıl Xətai, Amid Məmmdov, Mir Cəlal Paşayev, Süleyman Rüstəm, Firuddin Şamoyev, Mirzə Ələkbər Sabir küçələrinə bu yaxınlarda yeni asfalt örtüyünün vurulması rayonda aparılan nümunəvi işlərdir. Yeni asfalt örtüyü vurulmuş həmin küçələrdə hazırda digər abadlıq işləri həyata keçirilir. Belə ki, sözügedən küçələrdə asfaltdan sonra kanalizasiya quyularının ətrafı betonlanıb, rabitə dayaqları səliqəyə salınır, köhnə elektrik dayaqları yenilənərək sip kabelləşmə işləri aparılır.

Avqustun 31-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birlikdə yeni asfalt örtüyü vurulmuş həmin küçələrdə olub, verilmiş tapşırıqların icrası ilə yerində maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, Fərrux Qayıbov küçəsində elektrik dayaqlarının yenilənməsi və sip kabelləşmə işi başa çatıb. Hazırda işlər Babək küçəsində davam etdirilir.

Görülmüş işlərlə yerində tanış olan icra başçısı bir daha aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Rayon sakinləri, eləcə də sözügedən küçələrdə yaşayan vətəndaşlar son illər ölkə başçısının rəhbərliyi altında Qazaxda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsini razılıq hissi ilə qarşılayır və bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Yaşadıqları küçələrin asfaltlanmasına görə təşəkkürlərini ifadə edirlər.

Fərrux Qayıbov küçəsinə baxış

Babək küçəsinə baxış

Şah İsmayıl Xətai küçəsinə baxış


Geri qayıt