Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Qazaxda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib


Bu gün, 18:18

Avqustun 28-də Qazaxda 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənlər təmayüllü məktəb-liseydə keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəis müavini Anar Məcidov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri İslam Carçıyev, sektorun məsul işçiləri, məktəb direktorları, direktor müavinləri, məktəbdənkənar müəssisə rəhbərləri, məktəbəqədər təhsil müəssisəsi müdirləri, aparıcı metodistlər və məktəbdaxili metodistlər, bütün fənlər üzrə qabaqcıl müəllimlər, KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri İslam Carçıyev çıxış edərək konfrans iştirakçılarını və qonaqları salamlayıb, 2026–2027-ci tədris ilinin başlanması münasibətilə səmimi ürək sözlərini çatdırıb, onlara gələcək işlərində uğurlar arzulayıb. İ.Carçıyev konfransın mahiyyətini vurğulayaraq bu konfrasın ümumi hesabat tədbiri deyil, rayonun təhsil problemlərinin müəyyənləşdirilməsi və növbəti tədris ili üçün hədəflərə çatmaq yollarının müzakirəsi məqsədi daşıdığını qeyd edib. Keyfiyyət fəaliyyət planının icra vəziyyəti barədə təqdimat, xüsusilə, İstiqamət I (Özünüqiymətləndirmə, məktəb pasportu və SWOT təhlili) və İstiqamət II (Dərsdinləmə, Məktəbdaxili qiymətləndirmənin obyektivliyi, Zəif nəticə göstərən şagirdlərlə iş, Müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsi) üzrə fikir mübadiləsi aparılacağını diqqətə çatdırıb. IV və VI siniflər üzrə monitorinq nəticələri, IX və XI sinif buraxılış nəticələri, əvvəlki tədris ili ilə müqayisə, regional orta göstərici ilə müqayisə, aşağı və yüksək nəticə göstərən şagirdlərin payı, rayon üzrə nəticələrin dinamikası, məktəbdənkənar müəssisələrin fəaliyyəti, məktəbəqədər təhsillə əhatəliliyin kəmiyyət və keyfiyyət göstəricilərinin təqdim ediləcəyini bildirib. Rayonun əsas problemləri, xüsusi diqqət tələb edən məktəblər, keyfiyyət fəaliyyət planı üzrə çatışmazlıqlar və çətinliklərin ümumiləşdirildiyini, növbəti tədris ili üçün təklif edilən fəaliyyət və hədəflərin elan və müzakirə ediləcəyini vurğulayıb. İ.Carçıyev 39 ümumtəhsil müəssisəsinin fəaliyyət göstərdiyini, onlardan 1 lisey, 32 tam orta, 5 ümumi orta, 1 ibtidai məktəb olduğunu qeyd edib. 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd) 16-nın körpələr evi-uşaq bağçası, 9-nun uşaq bağçası olduğunu qeyd edib. 2 məktəbdənkənar təhsil müəssisəsinin (1 UGİŞM və 1 UGİM) fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Ümumtəhsil müəssisələrində 13622 nəfər, məktəbəqədər təhsil müəssisələrində 864 nəfər, məktəbdənkənar təhsil müəsssisələrində 1416 nəfər şagirdin təhsil aldığını vurğulayıb. Məktəblərdə 1341 nəfər müəllimin şagirdlərin təlim tərbiyəsi ilə məşğul olduğunu söyləyib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək konfrans iştirakçılarını icra başçısı Rəcəb Babaşovun adından və öz adından salamlayıb, konfransın işinə uğurlar arzulayıb. M.Alıyev qeyd edib ki, təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla, həmin dövlətin siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də hər bir suveren dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir. Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə şübhəsiz, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyularaq cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz 2003-cü ildən etibarən Azərbaycan gənclərinin təhsil imkanlarının artırılması, bütün pillə və səviyyələr üzrə təhsilə əlçatanlığın təmin olunması, onun coğrafiyasının genişləndirilməsi bu siyasətin əsasında duran mühüm hədəflərdəndir. Prezident İlham Əliyevin siyasəti təhsilə əlçatanlığı təmin etmək məqsədilə müxtəlif dövlət proqramlarını həyata keçirməyi özündə ehtiva edir, müəyyən layihələr vasitəsilə gənclərin istər yerli, istərsə də xarici ali məktəblərdə təhsil imkanlarını genişləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında azərbaycanlı mütəxəssislərin beynəlxalq rəqabətə davamlılığı istiqamətində mühüm addımlar atılmış, ali təhsil müəssisələrinin inkişafı, onların beynəlmilləşməsi və keyfiyyətin artırılması istiqamətində mühüm işlər görülməkdədir. Bu sahədə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr istər ümumi təhsil, istərsə də daha yuxarı təhsil pillələri və səviyyələri üzrə həm təhsilin, həm də bütövlükdə, gəncliyin inkişafına yönəlmişdir. Onun təşəbbüsü ilə hazırlanıb həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Azərbaycanın təhsil sisteminin inkişafı üzrə ciddi töhfələr verdiyini xatırlatmaq kifayət edər. Həyata keçirilən tədbirlər onu göstərir ki, xanım Mehriban Əliyeva qlobal missiyası ilə ölkə təhsilinin perspektiv inkişafına təkan verən başlıca funksiyanı yerinə yetirir. M.Alıyev həmin layihə çərçivəsində Qazax rayonunda da yeni məktəblər tikildiyini və ya əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verildiyini vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işləri gələcək inkişafımızın istiqamətlərini və hədəflərini qarşımızda aydın şəkildə müəyyən edir. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən təhsil müəssisələri tikilir və bərpa olunaraq tələbələrin, şagirdlərin istifadəsinə verilir. Böyük mütəfəkkirlərin yetişdiyi Qarabağ Universitetinin yenidən təhsil ocağına çevrilməsi regionun inkişafına böyük təsir göstərir, yeni kadrlar hazırlanır, yenidən tariximizə töhfələr verir. Bu baxımdan deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur təkcə tikinti işləri ilə deyil, həm də intellekt, elm-təhsil baxımından da bərpa olunur. Qarabağ Universiteti sadəcə bir təhsil ocağı deyil - bu, gələcəyin qurulduğu bir məkandır. Sevindirici haldır ki, Qazax rayonunun işğaldan azad edilən 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərində bərpa və yenidənqurma işləri həyata keçiriləcəkdir. Sözügedən kəndlərin layihə smeta sənədləri hazırlanmış və yaxın zamanlarda bərpasına başlanılacaqdır. Fəxrlə deyə bilərik ki, həmin kəndlərdə bərpa ediləcək evlər, inşa ediləcək təhsil ocaqları, yaradılacaq infrastrukturlar, sosial obyektlər rayonumuzun memarlığına böyük töhfə olacaqdır. Qazax Azərbaycanın mədəniyyət, ədəbiyyat, elm və maarif tarixində xüsusi yeri olan qədim bölgələrimizdəndir. Rayonumuzda fəaliyyət göstərmiş tarixi təhsil ocaqları Azərbaycanda və bütün Qafqazda maarifçiliyin inkişafında mühüm rol oynamış, bir çox görkəmli ziyalı və müəllim yetişdirmişdir. Ziyalılar yurdu olan rayonumuzun təhsil ocaqları bu gün də bu missiyanı uğurla davam etdirir. Bu gün Qazaxda təhsil sahəsində tam şəffaflıqdır. Son illər təhsil sahəsində qazanılan uğur və nailiyyətlər dərsin kəmiyyət və keyfiyyət göstəriciləridir. Təhsil sahəsinə göstərilən dövlət qayğısını məzunlarımız da ən yüksək balı toplayaraq onlara olan etimadı doğrultmağa çalışırlar. Əldə edilən məlumata əsasən 2025-2026-cı tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Qazax rayonunda 24 nəfər 600 baldan yuxarı nəticə göstərmişdir. Bu gün həmin məzunlar bir daha sübut etdilər ki, qazanılan hər bir uğurun arxasında böyük məsuliyyət dayanır. Onlar öz məsuliyyətlərini dərk edərək Qazaxın, təhsil aldıqları məktəblərin, dərs deyən müəllimlərin, ən əsası da valideynlərinin əməklərini itirmədilər. Öz uğurları ilə hər birinin sevincinə səbəb oldular. M.Alıyev sonda bir daha 600 baldan yuxarı nəticə göstərmiş məzunların timsalında tələbə adını qazanan bütün məzunları təbrik edib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəis müavini Anar Məcidov çıxış edərək tədbir iştirakçılarını Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi adından salamlayıb, yeni tədris ilində təhsil işçilərinə uğurlar arzulayıb. A.Məcidov bugünkü konfransın əhəmiyyətindən söz açaraq bir çox mövzular ətrafında geniş fikir mübadiləsi aparılacağını söyləyib.

Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta ümumtəhsil məktəbin direktoru İlqar Miralayev çıxış edərək konfransın işinə uğurlar arzulayıb.

Qeyd edək ki, konfrans öz işini növbəti gün müxtəlif mövzular ətrafında panel müzakirələrlə davam etdirəcək.



Geri qayıt