Əsas Səhifə > Manşet / Rəsmi > Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində sərhədçilər peşə bayramlarını qeyd ediblər
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində sərhədçilər peşə bayramlarını qeyd ediblərDünən, 22:10 |
|
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 18 Avqust - Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107 illiyi qeyd olunub. Avqustun 18-də Qazax Rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ataları, veteranlar, mədəniyyət işçiləri, ziyalılar, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, sərhədçilər, KİV nümayəndələri iştirak ediblər. Əlamətdar gün münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib. Dahi şəxsiyyətin adını daşıyan mərkəz ziyarət olunub.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülərək şəhidlərimizə sonsuz ehtiram ifadə olunub.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktrisası Məlahət Vəliyeva tədbiri açıq elan edərək iştirakçıları, şəhid ailələrini, qaziləri və sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Aparıcı bu gün Azərbaycan Respublikasının tarixinə yazılmış əlamətdar günlərdən biri olduğunu, “Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü”kimi təsis edilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli 504 nömrəli Sərəncam imzaladığını, xalq olaraq bu günü sərhədçilərimizlə birgə qürurla qeyd etdiyimizi bildirib. M.Vəliyeva Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusunun şəhid olduğunu, 197 nəfərin yaralandığını və ya müxtəlif dərəcəli bədən xəsarətləri aldığını söyləyib. Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisinin (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüyünü, 176 nəfərin müxtəlif ordenlərlə, 5203 nəfərin isə müxtəlif medallarla təltif olunduğunu diqqətə çatdırıb. Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı, Cəbrayılın və Zəngilanın azad olunmasında, həmçinin İran-Azərbaycan Dövlət Sərhəddinin 132 km məsafəsini işğaldan tam azad edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raportla məruzə etmiş general-mayorMisir Əliyev çıxış edərək tədbir iştirakçıları olan rayon rəhbərliyini, qonaqları, şəhid ailələrini, qaziləri salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla, bütün sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib. Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 107 illiyinə həsr olunmuş tədbirdə iştiraklarına görə iştirakçılara razılığını ifadə edib. M.Əliyev bildirib ki, böyük fəxarət hissi ilə qeyd edirəm ki, tariximizin ən böyük sərkərdəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə keçirilən 44 günlük “Dəmir yumruq” əməliyyatı, 2022-ci ilin 12-14 sentyabr tarixlərində düşmən təxribatının qarşısının alınması, 2023-cü ildə keçirilən “Lokal” xarakterli antiterror əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız azad edilmiş, respublikamızın ərazi bütövlüyü tam təmin olunmuşdur. M.Əliyev vurğulayıb ki, bu gün sevindirici haldır ki, biz sərhədçilər peşə bayramımızı azad, suveren sərhədləri tam bərpa olunmuş ölkənin vətəndaşları kimi qeyd edirik. Bu sevinci, zəfəri bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan xalqı və təbii ki, Silahlı Qüvvələrin şəxsi heyətidir. Keçirilən döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti yaxından iştirak etmiş, əsl qəhrəmanlıq nümunəsi göstərmiş və şəhidlər vermişdir. Fərəhli haldır ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri işğaldan azad olundu. Geri qaytarılan kəndlərin mühafizəsinin biz sərhədçilərə həvalə edilməsi isə Ali Baş Komandan tərəfindən bizə göstərilən etimadın təzahürüdür. M.Əliyev sonda bir daha dövlətinə və Prezidentinə sədaqətin, xidmətdə cəsarət və fədakarlığın təcəssümü olan hər bir Azərbaycan sərhədçisini, dövlət sərhədində dövlətçiliyin təminatçısı olan hər bir zabiti, giziri, çavuşu, əsgəri və onların ailə üzvlərini Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü münasibətilə təbrik edib, müstəqil dövlətimizin sərhədlərinin qorunması kimi müqəddəs və şərəfli xidmətlərində nailiyyətlər, şəxsi həyatlarında uğurlar və cansağlığı arzulayıb.
Bayram tədbirində Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın “Şuşanı alan oğullar!” şeiri səsləndirilib. Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə Sərhəd diviziyasının, dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkilində yaxından köməklik göstərdiyinə və sərhəd mühafizəsinin 107-ci ildönümü münasibətilə bir qrup əməkdaş komandir, general-mayorMisir Əliyev tərəfindən Fəxri Fərmanla təltif olunub. Bir qrup sərhədçiyə rütbələr və Fəxri Fərmanlar təqdim edilib. Sonra bayram tədbiri Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunmuş konsert proqramı ilə davam etdirilib. Gənc aşıq Samir Cəlaloğlunun “Misiri”, aşıq Yaşar Gülümcanovun “Azərbaycan”, gənc meyxanaçı Əmir Qazaxlının “Sən gərək türk olasan”, gənc müğənni Nəsimi Kamaloğlunun “Azərbaycan”, skripkada Müjgan Məhərrəmovanın “Lanbada” ifası, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri Elnur Alızadənin “Bu dağlardan o yana”, Məhəmməd Qaravəliyevin “Baş dubeyti, daha bizi qınamazsan Qarabağ” ifası, zurnaçılar qrupunun təqdim etdikləri mahnı töhfəsi alqışlarla qarşılanıb. Səslənən bir-birindən şən-şux mahnılar tədbirə böyük coşqu qatıb. Tədbir xoş təəssüratla başa çatıb.
Məlumat üçün qeyd edək ki, Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində fəaliyyət göstərib. Müstəqilliyin bərpasından sonra isə Azərbaycan sərhədlərinin mühafizəsinin yenidən qurulması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Üçrəngli Azərbaycan Bayrağının Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması da milli sərhəd mühafizəsinin tarixində mühüm hadisələrdən biri olub. Sərhədlərdə ilkin zəruri infrastrukturun yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər mühüm proseslər müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 2002-ci ildə DSX-nin yaradılması dövlət sərhədlərinin etibarlı mühafizəsinin Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib. Sonrakı illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki imkanları əhəmiyyətli dərəcədə gücləndirilib. Yeni sərhəd dəstələri və zastavalar yaradılıb, ölkənin hava, quru və su sərhədlərinin etibarlı mühafizəsi təmin edilib. Müasir texniki vasitələrin tətbiqi genişləndirilib, dəniz sərhədlərinin mühafizəsi sistemi və sərhəd aviasiyasının təşkili başa çatdırılıb. Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, xidməti-döyüş imkanlarının artırılması, peşə hazırlığının yüksəldilməsi, yeni silah, texnika və avadanlıqlarla təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2007-ci ildə Prezident İlham Əliyevin DSX-nin Akademiyasının yaradılması haqqında Sərəncam imzalaması sərhədçi kadrların hazırlanması və sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi baxımından mühüm addım olub. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili və qonşu dövlətlərlə sərhədlərin delimitasiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin əsas prinsiplərini müəyyənləşdirib. Buna nümunə kimi 2018-ci ildə Qusar rayonunun Zuxul kəndi ərazisində, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar. Son illərdə DSX-nin idarəetmə sistemi də müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib. Müasir radiorabitə və telekommunikasiya sistemlərindən istifadə genişləndirilib, sərhəd-buraxılış məntəqələrində nəzarətin təşkili beynəlxalq standartlara uyğunlaşdırılıb. Şəxsi heyət sərhəddən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı nəzarətin həyata keçirilməsi üçün müasir texniki vasitələrlə təmin edilib. Bütün sərhəd-keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması miqrasiya proseslərinə nəzarəti daha da gücləndirib. DSX-nin şəxsi heyəti Vətən müharibəsində də böyük fədakarlıq və qəhrəmanlıq göstərib. 44 günlük müharibə zamanı qurumun qarşısında qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər edilib. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət göstəriblər. Müharibənin ilk günlərindən etibarən Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək geniş ərazilərin azad olunmasında iştirak ediblər. Onlar 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücum həyata keçirərək düşmənə ciddi zərbələr endiriblər. Xudafərin körpüsündə və dövlət sərhədimiz boyunca Azərbaycan Bayrağı ucaldılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilib. DSX tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hərbi texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri və digər vasitələri sıradan çıxarılıb, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib. Ümumilikdə 290 düşmən hədəfi məhv edilib. Vətən müharibəsində 47 sərhədçi şəhid olub, 197 nəfər yaralanıb. Döyüşlər zamanı şəxsi igidlik və qəhrəmanlıq nümayiş etdirən 12 sərhədçi, onlardan 4-ü ölümündən sonra, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Bununla yanaşı, yüzlərlə sərhədçi müxtəlif orden və medallarla təltif olunub. Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar zamanı da Azərbaycan sərhədçiləri düşmənə layiqli cavab verərək, ayıq-sayıqlıq və yüksək döyüş hazırlığı nümayiş etdiriblər. Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan və Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra həmin ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb, yeni hərbi hissələr fəaliyyətə başlayıb. Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda DSX-nin 2 kolondan ibarət parad heyəti “Vətən Müharibəsi Qəhrəmanı” general-leytenant İlham Mehdiyevin rəhbərliyi ilə mətin addımlarla tribunanın önündən keçiblər. DSX-nin Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib, daha sonra hərbi texnikaların keçidində iştirak edib. Bu gün Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığı, müasir silah və hərbi texnika ilə təchizatı, eləcə də xidməti-döyüş fəaliyyəti göstəricilərinə görə yalnız regionda deyil, Avropa miqyasında da aparıcı mövqelərdən birini tutur. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti sərhədlərinin etibarlı mühafizəsini təmin etmək üçün güclü və peşəkar sərhəd mühafizə sisteminə malikdir. Azərbaycan sərhədçiləri isə Vətənin sərhədlərini qorumaq kimi şərəfli və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirirlər. Qeyd edək ki, Dövlət Sərhəd Mühafizəsinin yaradılmasının 107-ci ildönümü ərəfəsində Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularının təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. Həmin sərəncamlarla bir sıra hərbi qulluqçulara ali hərbi rütbələr verilib, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olan bir neçə hərbi qulluqçu və 1 mülki işçi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, bəzi hərbi qulluqçular isə müxtəlif orden və medallara layiq görülüblər. Geri qayıt |