Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının avqust ayında növbəti səyyar görüşü Qaymaqlı kənd sakinləri ilə olub

Qazaxda icra başçısının avqust ayında növbəti səyyar görüşü Qaymaqlı kənd sakinləri ilə olub


Dünən, 16:31

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanmasını Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə aydın şəkildə görmək olur.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin avqust ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Qaymaqlı kəndində yaşayan sakinlərlə olub.

Avqustun 6-da Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayaraq səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar görüşlərin əhəmiyyətini vurğulayaraq bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. İcra başçısı Qaymaqlı kəndində keçirilən ötən səyyar görüşlərdə səslənən məsələlərin zamanla müsbət həllini tapdığını söyləyib. Qaymaqlı kəndində ümumilikdə, ötən illər ərzində 14 səyyar görüş keçirildiyini, həmin səyyar görüşlərdə 35 nəfər vətəndaş tərəfindən 12-si təkrar olmaqla, 38 məsələ qaldırıldığını, həmin məsələlərdən 26-nın müsbət həllini tapdığını söyləyib. 2 məsələnin eyni olduğu üçün bununla bağlı qanunamüvafiq izahat verildiyini vurğulayıb. Ötən illər ərzində Qaymaqlı kəndində sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. Kənddə məktəb tikintisi ilə bağlı məsələnin artıq müsbət həll edildiyini vurğulayıb. Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı sayəsində "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin aparıldığını qeyd edib. İcra başçısı Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsini Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının əyani təzahürü kimi qiymətləndirib. Kənddə bağçanın açılması ilə bağlı müraciətlə əlaqədar aidiyyəti qurumlara məktub ünvanlandığını, məsələnin gündəmdə olduğunu qeyd edib.

Vətən yolunda canlarından keçən şəhidlərimizi ehtiramla yad edən icra başçısı bütün kəndlərimizdən olduğu kimi, Qaymaqlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 6 nəfər şəhid verdiyini, Birinci Qarabağ müharibəsində 2 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. İcra başçısı 44 günlük Vətən müharibəsində könüllü döyüşə qatılan, Vətən yolunda Şəhidlik zirvəsinə ucalan Qaymaqlı kəndinin igid oğlu əsgər Nəsibov Asəf Səfəralı oğlu ilə bu gün hər kəsin qürur duyduğunu söyləyib. 44 günlük Vətən müharibəsində Qaymaqlı kəndindən 52 nəfərin iştirak etdiyini, onlardan 34 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Rayon rəhbəri istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Son illər kənddə 23 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 3 nəfərin şəhid ailəsi, 20 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. İdman paytaxtı çərçivəsində rayonda keçirilən tədbirlərdən söz açan icra başçısı ilk dəfə olaraq avarçəkmə, velotur keçirildiyini söyləyib.

İcra başçısı rüşvətxorluğa və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirlərindən söz açaraq ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda bu sahədə görülən işlərin Qazaxda yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, rayonda şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görülür. Rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunması, neqativ halların aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmurunun, idarə, müəssisə və təşkilat rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir.

Kənd sakinlərindən Kazım Kazımlı və başqaları onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Qaymaqlı kəndində görülən işlərə - yeni məktəb binasının inşa olunmasına, tibb məntəqəsinin təmir edilməsinə, yem məntəqəsinin tikilməsinə, içməli su çəkilişinə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə sipləşmə işlərinin aparılması barədə, eləcə də digər müxtəlif məzmunlu müraciətlərini dinləyən rayon rəhbəri səslənən məsələlərə həssaslıqla yanaşılacağını, nəzarətə götürüləcəyini və həlli istiqamətində lazımi işlər görüləcəyini, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.


Geri qayıt