Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının avqust ayında vətəndaşlarla keçirilən ilk səyyar görüşü sərhəddə yerləşən Bala Cəfərli kəndində olub
Qazaxda icra başçısının avqust ayında vətəndaşlarla keçirilən ilk səyyar görüşü sərhəddə yerləşən Bala Cəfərli kəndində olubBu gün, 14:57 |
|
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədə xidmət edir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin avqust ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun sərhəddə yerləşən Bala Cəfərli kəndində olub. Avqustun 3-də rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə sakinləri narahat edən məsələlər dinlənilib.
Rayon rəhbəri Bala Cəfərli kəndinin də şəhidlər verdiyini, Birinci Qarabağ müharibəsində 6 nəfərin Şəhidlik zirvəsinə ucaldığını, 1 nəfərin müharibə əlili olduğunu bildirib. İcra başçısı 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Bala Cəfərli kəndindən 8 nəfərin iştirak etdiyini, onlardan 3 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, iştirakçılardan 1 nəfərin yaralandığını söyləyib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. İcra başçısı vurğulayıb ki, 2024-cü ildə bir güllə belə atılmadan Qazaxın 4 kəndi - Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrımlı, Qızılhacılı işğaldan azad olundu. Hazırda həmin ərazilərdə minatəmizlənmə işləri davam etdirilir. Sözügedən kəndlərin layihə smeta sənədləri hazırlanmış və yaxın zamanlarda bərpasına başlanılacaqdır. Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Son illər kənddə 3 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini qeyd edib. Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri onlarla görüşə gəldiyinə, göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Son illər rayonda, o cümlədən Bala Cəfərli kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bir daha dərin minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin müxtəlif məzmunlu müraciətini dinləyən rayon rəhbəri səslənən məsələlərə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını, həlli istiqamətində lazımi addımlar atılacağını bildirib.
Geri qayıt |