Əsas Səhifə > Manşet / Rəsmi > Novruz bayramında uzunömürlü insanlar da yad edilib -
Novruz bayramında uzunömürlü insanlar da yad edilib -25-03-2018, 21:55 |
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da milli adət-ənənələri özündə birləşdirən Novruz bayramı böyük təntənə ilə qeyd olunub. Bayramın ən gözəl xüsusiyyətlərindən biri də ağsaqqalları, ağbirçəkləri yad etmək, onlarla hal-əhval tutmaqdır. Qazax rayonunda bu ənənə indi də qorunub saxlanılır. Qazaxda yaşayan uzunömürlü insanların – 100 yaşını keçmiş rayon sakinlərinin sayı kifayət qədərdir. Rayon rəhbərliyinin tapşırığına əsasən ömrünün ahıl çağlarını yaşayan həmin uzunömürlü insanlar da Novruz bayramında yad edilib. Bu gün bayram münasibətilə rayonun Kəmərli, Yuxarı Salahlı, Aslanbəyli, Aşağı Salahı, Daş Salahlı, Ürkməzli, Çaylı və Hüseynbəyli kəndlərində həmin yaşlı insanların evlərində onlara baş çəkilib, bayramları təbrik edilib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kəmərli kənd sakini 111 yaşlı Səyalı Nəbiyevanın evində qonaq olaraq yaşlı nənəni salamlayıb və bayram təbriklərini çatdırıb. Qeyd edib ki, ömrünün ahıl çağlarını yaşayan insanlara səmimi münasibət göstərmək, onları daim diqqət mərkəzində saxlamaq hər birimizin borcudur. Kənd sakinlərindən ağsaqqal İbrahim Orucov görüşdə söz alaraq bayram təbriklərini çatdırıb və rayonda həyata keçirilən genişmiqyaslı işlərdən fəxrlə danışıb. Qeyd edib ki, Rəcəb Babaşovun rəhbər kimi rayonda fəaliyyətə başlamasından ötən müddət ərzində elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın. Bu gün kənd təsərrüfatından tutmuş bütün sahələr durmadan inkişaf edir. Qazax rayonu rayon rəhbərinin gərgin əməyi sayəsində özünün intibah dövrünü yaşayır. Bu inkişafla yanaşı, vətəndaş amili də ön plana çəkilir. Bu gün ömrünün ahıl çağlarını yaşayan sakinlərə göstərilən diqqət və qayğı bunun ən bariz nümunəsidir. Rayon rəhbərliyi Nəbiyeva Səyalı Abdulla qızına Qazax rayonunun ən uzunömürlü sakini olduğuna görə “Novruz bayramı” münasibətilə Fəxri Fərman təqdim edib. Səyalı nənəni təbrik etdikdən sonra rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova və RİHB Aparatının baş məsləhətçiləri Sərdar Orucov, Teybə Hüseynova, informasiya təminatı və təhlil sektorunun müdiri Svetlana Qurbanova, böyük məsləhətçi Gülnar Quluyeva, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, məsləhətçi Səba Paşayeva digər uzunömürlü sakinlərin evində olub, bayram sovqatlarını çatdırıblar. Yuxarı Salahlı kənd sakini, 108 yaşlı sakin Sədiqə Süleymanovanı, Aşağı Salahlı kəndində yaşayan 106 yaşlı Səkinə Mirzəyevanı, Ürkməzli kənd sakini, 106 yaşlı Lütviyə Vələdovanı, 102 yaşlı Daş Salahlı kənd sakini Lilpar Həsənovanı, Çaylı kəndində yaşayan 102 yaşlı Qaratel Bənnayevanı, Hüseynbəyli kənd sakini, 102 yaşını haqlamış Gilas Tanrıverdiyevanı və 100 yaşlı Aslanbəyli kənd sakini Xalsa İbrahimovanı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun salamlarını çatdırdıqdan sonra onlara bayram sovqatları veriblər. Uzunömürlülər, eləcə də onların ailə üzvləri qonaqları salamladıqdan sonra rayon rəhbərliyindən razı qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz bizi çox sevindirir. Bizim evimizdə olduğunuza və bizə diqqət ayırıb bayramımızı təbrikə gəldiyinizə görə ailəmiz adından rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığımızı bildiririk. GOYEZEN.AZ
Geri qayıt |