|
Vətən, torpaq uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımız təkcə verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamadılar, onlar həm də öz əməlləri ilə hər kəsə örnək və nümunə oldular. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Birinci Qarabağ müharibəsində iştirak edən igid oğullarımızdan biri də ehtiyatda olan polkovnik Balacanov Şahrəddin Məmməd oğludur. Şahrəddin Balacanov 25 mart 1960-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1966-cı ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Tibb Universitetini bitirmişdir. 1992-ci ildən 20 il milli orduda xidmət etmişdir. Gəncə şəhər Hərbi Hospitalın rəisi vəzifəsində çalışmışdır. Birinci Qarabağ müharibəsi veteranı olan Ş.Balacanov Vətən müharibəsi başlamazdan əvvəl səhhəti ilə əlaqədar ehtiyata buraxılıb, ehtiyatda olan polkovnik olub.
İyulun 26-da igid Vətən oğlu vəfat edib. İyulun 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul əməkdaşları Şahrəddin Balacanovun hüzr mərasində iştirak edərək mərhumun vəfatı ilə əlaqədar ailəsinə başsağlığı veriblər.
İcra başçısı Rəcəb Babaşov mərhum Şahrəddin Balacanovun vəfatından kədərləndiyini bildirib, oğluna, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.

Geri qayıt
|