Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhid babasının hüzr mərasimində iştirak edərək yaxınlarına başsağlığı verib

Qazaxda icra başçısı şəhid babasının hüzr mərasimində iştirak edərək yaxınlarına başsağlığı verib


Bu gün, 17:30

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi.

Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndinin igid oğlu gizir Əhmədov Elvin Qələndər oğlu,Qazaxın igid oğulları (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndinin igid oğlu əsgər Nəsibov Akşin Vasif oğluantiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan İlham, Elvin, Ramin, Fərid, Akşin kimi qəhrəman oğullarımızın şücaəti, igidliyi sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qəhrəman oğullarımız bizim aramızda olmasalar belə qəlblərdə əbədi yaşayırlar. Azərbaycan xalqı igid Vətən övladlarını hər zaman hörmət və ehtiramla anacaq, gələcək nəsillərə nümunə göstərəcəklər. Çünki qanları ilə şanlı tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürur və fəxarət hissi ilə qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.

Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, qazilərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid gizir Şəmşiyev İlham Şakir oğlunun xatirəsi hər zaman əziz tutulur.

İyulun 24-də igid Vətən oğlunun ata babası Şəmşiyev Yusif Məmməd oğlu vəfat edib. Mərhum bu gün Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunub.

İyulun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Yuxarı Salahlı kəndində şəhidimizin ata ocağında olub, hüzr mərasimində iştirak edərək ailəsinə və yaxınlarına başsağlığı verib.

İcra başçısı Rəcəb Babaşov mərhum Yusif Şəmşiyevin vəfatından kədərləndiyini bildirib, şəhidimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verib.

Gizir Şəmşiyev İlham Şakiroğlu 9 aprel 1997-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2003-cü ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə başlamış Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2022-ci ildə gizir hərbi rütbəsində xidmətini davam etdirib. Şəmşiyev İlham Şakir oğlu 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı N saylı Komando hərbi hissəsinin tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 20.09.2023-cü il tarixdə Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən gizir İlham Şəmşiyev "Xocavəndin azad olunmasına görə", Baş nazir Əli Əsədovun 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.

Respublika Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən gizir Şəmşiyev İlham Şakiroğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimiz gizir İlham Şəmşiyevin adı verilib.



Geri qayıt