Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının iyul ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü sərhəddə yerləşən Quşçu Ayrım kəndində olub

Qazaxda icra başçısının iyul ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü sərhəddə yerləşən Quşçu Ayrım kəndində olub


Bu gün, 18:28

Ölkə Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2026-cı ilin iyul ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü sərhəddə yerləşən Quşçu Ayrım kəndində yaşayan sakinlərlə olub.

İyulun 23-də Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından danışılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Ölkə başçısının istəyi, tapşırıq və tövsiyəsi ondan ibarətdir ki, məmur və xalq bir yerdə olsun, vətəndaş məmnunluğu təmin edilsin. Ölkə Prezidenti vətəndaşa səmimi münasibət göstərirsə, bu, hər bir dövlət məmuruna nümunə olmalıdır”, - deyən icra başçısı bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. İcra başçısı Quşçu Ayrım kəndində keçirilən ötən səyyar görüşlərdə səslənən məsələlərin zamanla müsbət həllini tapdığını söyləyib. Quşçu Ayrım kəndində ümumilikdə, ötən illər ərzində keçirilən 7 səyyar görüşdə 30 nəfər vətəndaş tərəfindən 23 məsələ qaldırıldığını, həmin məsələlərdən 20-nin müsbət həllini tapdığını söyləyib. 1 məsələ ilə bağlı qanunamüvafiq izahat verildiyini, 2 müraciətlə bağlı aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırıldığını vurğulayıb. Ötən illər ərzində Quşçu Ayrım kəndində sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib.

İcra başçısı bütün kəndlərimizdən olduğu kimi, Quşçu Ayrım kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu, qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 20 nəfər şəhid verdiyini bildirib. 44 günlük Vətən müharibəsində Quşçu Ayrım kəndindən 25 nəfərin iştirak etdiyini, onlardan 15 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər vaxtlarda canlarından keçən şəhidlərin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Son illər rayonda, eləcə də kəndlərdə aparılan genişmiqyaslı abadlıq işlərindən danışan rayon rəhbəri Quşçu Ayrım kəndinin də həmin kəndlər sırasında olduğunu söyləyib. Kəndarası yolların mütəmadi olaraq qreyderlə hamarlanaraq xırlanma işlərinin aparıldığını və bu işlərin davam etdiriləcəyini söyləyib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Son illər kənddə 43 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 3 nəfərin şəhid ailəsi, 2 nəfərin Vətən müharibəsi əlili, 38 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

İcra başçısı iyunun 20-də baş vermiş güclü külək, leysan yağışları və dolu nəticəsində Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Fərəhli, Çaylı, Alpout, Dəmirçilər kəndlərində sakinlərin yaşadığı evlərin dam örtüklərinə və təsərrüfat sahələrinə ciddi ziyan dəydiyini qeyd edərək bununla bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını bildirib. Dam örtükləri ilə bağlı məsələnin qısa zaman ərzində müsbət həllini tapacağını söyləyib.

Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinləri çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Quşçu Ayrım kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu, sosial problemlərin müsbət həllini tapmasını yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə, sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların ötən ay dolu vurması nəticəsində evlərinin dam örtüklərinə zərər dəyməsi ilə bağlı, eləcə də müxtəlif məzmunlu müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.


Geri qayıt