Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Azərbaycanın dirçəliş və inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib

Qazaxda “Azərbaycanın dirçəliş və inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib


Bu gün, 17:51

İyulun 14-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gün münasibətilə “Azərbaycanın dirçəliş və inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın məsul əməkdaşları, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya veteranları, ərazi partiya təşkilatı sədrləri iştirak ediblər.

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. A.Nəbiyev bildirib ki,1969-cu il iyulun 14-dən respublikamıza rəhbərlik edən Heydər Əliyev ölkəmizin müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz xidmətlər göstərmişdir.Məhz Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr təkcə iqtisadi yüksəliş dövrü kimi deyil, həm də elmin, təhsilin, səhiyyənin, mədəniyyətin tərəqqisi illəri kimi yadda qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməli qoyulub, sosial, iqtisadi və mədəni potensialı formalaşıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri dahi şəxsiyyətin fəaliyyətinin bütün mərhələlərini əhatə edir.Heydər Əliyevin azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Bu gün müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir.

Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanı idarə etməyə qadir olan layiqli davamçı hazırlamasıdır. Beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş, müasir təfəkkürlü Prezident İlham Əliyev atdığı addımlarda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu təsdiqləmişdir. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin siyasi kursu bundan sonra da milli dövlətçiliyimizin inkişafına xidmət edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyəcək.

Qazax Rayon İcra Hakimiyyətinin başçısıRəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb.İcra başçısı bildirib ki, 57 il əvvəl milli inkişafın və tarixin qüdrətli Azərbaycanının təməli qoyuldu, Azərbaycan tədricən Heydər Əliyevin yüksək idarəçilik məharəti, düşünülmüş və uzaqgörən fəaliyyəti, siyasi iradəsi sayəsində keçmiş ittifaqda ən qabaqcıl respublikalardan birinə çevrildi. Ulu Öndərin hakimiyyətə birinci dəfə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başladı. Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyinin daimi və dönməz xarekter alması, müstəqil və uğurlu daxili-xarici siyasət, beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınması məhz Heydər Əliyevin böyük zəhmətlərinin nəticəsidir.Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin, səhiyyənin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bildiyimiz kimi, XX əsrin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra bu acınacaqlı vəziyyətə son qoyulmasına başlandı. 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu. Ulu Öndərin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət, təhsil və səhiyyə sahəsində böyük uğurlar əldə edildi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.

İcra başçısı qeyd edib ki, Ulu Öndərin tikinti və quruculuq sahəsində həyata keçirdiyi islahatlar təkcə paytaxt Bakını deyil, regionları da əhatə etdi. Ölkəmizin ən ucqar rayonlarından olan Qazax rayonunda inşa edilən Ağstafaçay su dəryaçası bu işlərin bir hissəsidir. 1971-ci ilin 27 iyulunda Heydər Əliyev Qazax rayonuna ilk səfəri zamanı məhz bu dəryaçanın açılışında iştirak etmişdir. Dəryaça açılandan sonra respublikanın qərb rayonları təsərrüfatlarını suvarma imkanı əldə etdilər. Bundan əlavə, Coğazçay su anbarı dahi şəxsiyyətin təşəbbüsü ilə istifadəyə verildi. Rayon rəhbəri 1971-ci ildə Ulu Öndər Heydər Əliyevin Qazaxa olan səfərinin böyük tarixi əhəmiyyət daşıdığını, həmin səfərdən sonra Qazaxda bir neçə beşmərtəbəli, bir doqquzmərtəbəli bina, mərkəzi xəstəxana binası, orta məktəb, poçt, prokurorluq binası, avtovağzal, stadion, dəmiryol xətti, Səməd Vurğunun Poeziya evi, Daş Salahlı Gil zavodu, subartezian quyuları, kanalizasiya xətləri tikilib istifadəyə verildiyini vurğulayıb. İcra başçısı qeyd edib ki, müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla, Azərbaycan xalqının qürur mənbəyidir. Rayon rəhbəri bildirib ki, Azərbaycanın əsl müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasını Ulu Öndər Heydər Əliyevin başladaraq həyata keçirdiyi və bu gün Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs təmin etdi. Bu gün şanlı üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün ərazilərimizdə əzəmətlə dalğalanaraq, Azərbaycanın milli suverenliyini bütün dünyaya vüqarla bəyan etməkdədir. Azərbaycanın müstəqilliyi daimidir və sarsılmazdır. Heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz. İcra başçısıvurğulayıb ki, Ulu Öndərin söylədiyi kimi, “Dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir və bu tarixi nailiyyəti qoruyub saxlamağı biz özümüzün ali vəzifəmiz, ən yüksək borcumuz hesab edirik”. Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Əminik ki, Heydər Əliyev yolu Azərbaycanı daha böyük uğurlara aparacaqdır.

Partiya veteranı, təqaüddə olan müəllim Bəsdi Ələkbərova, Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovunatası Vaqif Nəsibov, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, partiya veteranı Polad Ağakişiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafında, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində misilsiz xidmətləri olduğunu bildiriblər. Qeyd ediblər ki, bu dövr 1969-cu il 14 iyul tarixindən başlayır. Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməli, xalqın özünəqayıdışının başlanğıcı kimi yadda qalıb. Həmin dövr xalqımızın və dövlətimizin mənafeyinə xidmət edən əhəmiyyətli addımlar atılıb, misilsiz xidmətlər göstərilib. Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin öyrənilməsinə və təbliğ olunmasına, Azərbaycanın bütün dünyada tanıdılmasına xüsusi diqqət verilib. Məhz 1969-cu ilin iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. Həmin tarixdən 57 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür. Ulu Öndər Heydər Əliyev tərəfindən 1969-cu il 14 iyul tarixində təməli qoyulmuş müstəqil və qüdrətli Azərbaycan bu gün Prezident İlham Əliyevın qətiyyəti sayəsində daha da inkişaf edir, ölkədə böyük islahatlar həyata keçirilir, tarixi Zəfərin təntənəsi ilə özünün ən qüdrətli və güclü dövrünü yaşayır.

Partiya veteranı, şair Kazım Kazımlı çıxış edərək Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlərini səsləndirərək dahi şəxsiyyətə olan sonsuz ehtiramını çatdırıb.

Tədbirdə yubiley yaşı bu il tamam olan partiya veteranları YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunaraq hədiyyələr verilib. Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.


Geri qayıt