Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli binada aparılan son tamamlanma işləri ilə tanış olub
İcra başçısı Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli binada aparılan son tamamlanma işləri ilə tanış olubDünən, 22:21 |
|
Təqdirəlayiq haldır ki, rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilməkdədir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Önəmlisi də odur ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahatlığını təmin etmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülür. Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli yaşayış binası da abadlıq işləri aparılan binalardandır. Ötən il həyətinə yeni asfalt örtüyü vurulmuş binada artıq digər abadlıq işləri aparılır. Belə ki, sakinlərin müraciəti nəzərə alınaraq binanın fasad, blok və həyətində abadlıq işləri həyata keçirilib. Binanın prospektə və həyətə baxan hissələrində fasadda suvaq və rənglənmə işləri aparılıb, bloklar təmir olunaraq giriş qapıları qoyulub, binanın pəncərələri yenilənib, kənarlarına lövhələr vurulub. Həyətdə sakinlərin istəyinə əsasən stol və stul qoyulub. İyulun 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə sözügedən binanın fasad, blok və həyətində görülmüş son tamamlanma işləri ilə tanış olub. Bina sakinləri rayonda aparılan abadlıq işlərinə, eləcə də yaşadıqları binanın həyətinə yeni asfalt örtüyünün vurulmasına, bu gün isə binanın fasad və bloklarında aparılan abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Görülmüş işləri dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı kimi qiymətləndirirlər.
Geri qayıt |