|
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Rayonda bütün idman növləri ilə yanaşı, voleybolun inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin idmana cəlb olunması, onlar üçün əlverişli məşq şəraitinin yaradılması və perspektivli voleybolçuların yetişdirilməsi üçün təqdirəlayiq addımlar atılır.
İyulun 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qızlardan ibarət həvəskar voleybol komandasının üzvləri ilə görüşüb.
İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul işçiləri, Qazaxda səfərdə olan Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, AGF-nin Etika və nizam-intizam komitəsinin üzvü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Firdovsi Umudov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, gənc voleybolçular, onların məşqçi müəllimi və valideynləri iştirak ediblər.
Voleybolçularla səmimi söhbət edən icra başçısı onların qayğıları ilə maraqlanıb, rayonda voleybol idman növünün inkişaf etdirilməsi üçün hər zaman onlara dəstək olmağa hazır olduğunu diqqətə çatdırıb.
Əməkdar bədən tərbiyəsi və idman xadimi Firdovsi Umudov gənc voleybolçulara uğurlar arzulayıb, onlara göstərilən diqqət və qayğını qazandıqları nailiyyətlərlə doğrultmağı tövsiyə edib. Ölkəmizdə idmana, idmançılara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya idmançılar adından minnətdarlığını bildirib. İdmana olan dövlət qayğısının Qazaxda rayon rəhbərliyi tərəfindən uğurla icra edildiyini, həmin qayğının hər zaman hiss olunduğunu qeyd edərək bugünkü görüşü məhz həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib. Qazaxda idmançılara göstərilən qayğıya görə rayon rəhbərliyinə razılığını ifadə edib.




Geri qayıt
|