Əsas Səhifə > Manşet / Rəsmi > Bu gün Qazaxda icra başçısı işğaldan azad olunmuş Aşağı Əskipara kəndini ziyarət edən bir qrup kənd sakini ilə görüşüb

Bu gün Qazaxda icra başçısı işğaldan azad olunmuş Aşağı Əskipara kəndini ziyarət edən bir qrup kənd sakini ilə görüşüb


Dünən, 22:25

Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasəti sayəsində Azərbaycan dövləti möhtəşəm qələbələr qazanmaqda davam edir. Müdrik liderin möhkəm iradəsi, dəmir yumuruğu sayəsində 2024-cü il xalqımızın, xüsusilə də qazaxlıların yaddaşına qızıl hərflərlə yazıldı. 2024-cü ildə bir güllə belə atılmadan Qazax rayonunun dörd kəndi düşmən tapdağından azad edildi. Bəli, Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin daha bir qələbəsi oldu ki, bu qələbəni bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş etdi. İşğaldan azad edilmiş kəndərin sakinləri doğma yurdlarını onlara qaytaran Müzəffər Ali Baş Komandanla qürur duyurlar. Qürurverici olan odur ki, işğaldan azad olunmuş həmin kəndlərdə bu gün minatəmizləmə işləri davam etdirilir. Kəndlərin layihə-smeta sənədləri hazırlanıb, yaxın zamanda həmin 4 kəndin bərpasına başlanılacaqdır.

İyulun 3-də 70, 80, 90 yaşları olan bir qrup Aşağı Əskipara kənd sakini özlərinin istəyi, təşəbbüsü ilə doğma kəndlərini, xüsusilə də əzizlərinin uyuduğu kənd qəbiristanlığını ziyarət ediblər. Uzun həsrətdən, niskildən sonra doğma yurd yerlərinə ayaq basıblar.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aşağı Əskipara kəndini ziyarət edən həmin bir qrup sakinlə görüşüb, onların təəssüratlarını öyrənib.

Kənd sakinləri ilk növbədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla, Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyevə, sərhədçilərə onlara doğma kəndlərinə getmək üçün şərait yaratdığına görə minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbəri ilə səmimi söhbət edən kənd sakinlərindən Sərhəd Məmmədov və başqaları ürək sözlərini bölüşüblər. Onlar hər zaman Müzəffər Ali Baş Komandana inandıqlarını, Onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına hər zaman əmin olduqlarını söyləyiblər. Doğma yurda qovuşmağın sevincini yaşayan sakinlər bu xoşbəxtiyi onlara bəxş edən Müzəffər Ali Baş Komandana, Vətən yolunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdar olduqlarını bir daha dilə gətiriblər.

“Bu gün 30 ildən çox düşmən tapdağında qalan Aşağı Əskiparanı, doğmalarımızın uyuduğu qəbiristanlığı ziyarət etdik. Uçmuş evləri, viran qalmış kəndi, dağıdılmış qəbirləri görmək bizi nə qədər kədərləndirsə də, doğma yurda ayaq basdığımız və kəndimizin havasını udduğumuz üçün qürurlandıq. Uşaqlığımıza qayıdıb, atalı-analı, kənddə olan xoş günlərimizi xatırladıq. Bu gün qürurlanırıq ki, qalan ömrümüzü işğaldan azad olunmuş torpaqlarımızda, azad edilmiş kəndlərimizdə inşa ediləcək yeni evlərimizdə yaşayacağıq. Bu, dövlətimizin, ölkə Prezidentimizin biz sakinlərə bəxş etdiyi ən böyük xoşbəxtlikdir”, - söyləyən sakinlər o günün uzaqda olmadığını qeyd ediblər.


Geri qayıt