|
Respublika Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunub.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.
İyulun 1-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Azərbaycan milli memarlığının inkişafı - keçmişdən gələcəyə” başlıqlı tədbirkeçirilib.
Mərkəzdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçiləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə kitab və Azərbaycanın memarlıq nümunələrini əks etdirən rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. “Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” filmi nümayiş etdirilib.






Qazax Rayon İcra Hakimiyyətinin başçısıRəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşərək 2026-cı il “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuştədbirin əhəmiyyətindən söz açıb. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini, bu sərəncamın Azərbaycanın memarlıq irsinin yenidən dəyərləndirilməsi üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” yalnız simvolik elan deyil, həm də şəhər mədəniyyətinin inkişafına çağırış kimi dəyərləndirilə bilər. Bu çağırış daha keyfiyyətli ictimai məkanların yaradılmasını, regionların inkişafını, mədəni irsin qorunmasını və gələcək nəsillər üçün daha dayanıqlı yaşayış mühitinin qurulmasını əhatə edir. Azərbaycanın şəhərsalma və memarlıq tarixində keyfiyyətcə yeni mərhələ Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. "Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb, inkişaf edib", - deyən Heydər Əliyev öz siyasətində bu sahəyə həmişə böyük diqqət ayırmışdı. Ulu Öndərin hakimiyyəti dövründə şəhərsalma ilk dəfə olaraq ayrıca sahə kimi deyil, dövlət quruculuğunun tərkib hissəsi kimi dəyərləndirilirdi. Tarixi şəhərlərin qorunması, memarlıq abidələrinin bərpası və yeni şəhərsalma layihələrinin milli ənənələrə uyğun həyata keçirilməsi məqsədilə mühüm qərarlar qəbul edildi. Heydər Əliyevin yanaşmasının əsas fərqi ondan ibarət idi ki, şəhər mühiti yalnız cari ehtiyacların deyil, gələcək nəsillərin maraqlarının daşıyıcısı kimi nəzərdən keçirilirdi. Məhz bu illərdə memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən mexanizmlər yaradıldı, normativ-hüquqi baza möhkəmləndirildi, tarixi irsin qorunması dövlət siyasətinin əsasına çevrildi. Bu strategiya sonrakı dövrlər üçün möhkəm ideoloji və idarəetmə təməli formalaşdırdı. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan şəhərlərinin memarlıq simasında yeni məzmun diqqət çəkirdi. Bu mərhələdə inşa olunan monumental komplekslər ölkənin siyasi müstəqilliyini, iqtisadi potensialını və mədəni ambisiyalarını ifadə edən simvollara çevrildi. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Ağ şəhər layihəsi kimi nümunələr paytaxtın memarlıq mənzərəsini keyfiyyətcə yeni səviyyəyə qaldırdı, eyni zamanda, müasir memarlıqla milli məkan anlayışının vəhdətini nümayiş etdirdi. Bu proses təkcə Bakını deyil, regionları da əhatə etdi. Şəhərlərin planlı inkişafı, infrastrukturun yenilənməsi və yaşayış mühitinin yaxşılaşdırılması ölkənin sosial-iqtisadi strategiyasının ayrılmaz hissəsinə çevrildi. Beləliklə, şəhərsalma və memarlıq fəaliyyəti sosial rifahın yüksəldilməsi ilə birbaşa əlaqələndirildi. Ulu Öndərin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbul edilməsi bölgələrimizin simasını tamamilə modernləşdirib. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu ərazilərdə müasir planlaşdırma prinsiplərinə əsaslanan, “yaşıl enerji”, “ağıllı” şəhər və kənd modellərini birləşdirən yeni yaşayış mühiti formalaşdırılır. Bu layihələr əslində Heydər Əliyevin yarımçıq qalmış arzularının və onun gələcəyə uzanan böyük memarlıq körpüsünün ən parlaq təzahürüdür. İcra başçısı vurğulayıb ki, bildiyiniz kimi, 2024-cü ildə bir güllə belə atılmadan Qazaxın 4 kəndi - Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrımlı, Qızılhacılı işğaldan azad olundu. Hazırda həmin ərazilərdə minatəmizlənmə işləri davam etdirilir. Sözügedən kəndlərin layihə smeta sənədləri hazırlanmış və yaxın zamanlarda bərpasına başlanılacaqdır. Fəxrlə deyə bilərik ki, həmin kəndlərdə bərpa ediləcək evlər, yaradılacaq infrastrukturlar, sosial obyektlər rayonumuzun memarlığına böyük töhfə olacaqdır. “Şəhərsalma və Memarlıq İli”ndə kəndlərin yenidən bərpa olunması qazaxlılara, xüsusilə həmin kəndlərdə yaşayan sakinlərə ən böyük töhfədir. Rayon rəhbəri sözügedən kəndlərin layihəsini iştirakçılara təqdim edərək ətraflı məlumat verib. İcra başçısı bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi isə təsadüfi qərar deyil. Bu addım 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə başlanan ideoloji xəttin məntiqi davamıdır. Dövlət bu qərarla göstərir ki, suverenlik yalnız siyasi və hüquqi kateqoriya deyil, eyni zamanda, məkanın, şəhərin və yaşayış mühitinin milli iradəyə uyğun qurulmasıdır. Bu təşəbbüs şəhərsalma və memarlığı milli kimliyin qorunması, mədəni irsin yaşadılması və dayanıqlı gələcəyin təmin edilməsi kontekstində birləşdirir. Şəhər mühiti sadəcə yaşayış sahəsi olmaqla yanaşı, sosial ədalətin, ekoloji tarazlığın və ictimai rifahın reallaşdığı məkan kimi təqdim olunur. Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı, milli şəhərsalma forumlarının təşkili və 2026-cı ildə Dünya Şəhərsalma Forumunun (WUF-13) Bakıda keçirilməsi ölkənin qlobal şəhərsalma gündəliyində artan rolunu təsdiqlədi. Azərbaycan bu proseslərdə təcrübə təqdim edən və təşəbbüs irəli sürən tərəfdaş kimi çıxış etdi. Beləliklə, Azərbaycanın şəhərsalma və memarlıq irsi tarixdən müasirliyə uzanan davamlı xətt təşkil edir. Bu xətt XX əsrdə dövlət planlaşdırmasına, müstəqillik dövründə modernləşməyə, postmünaqişə mərhələsində isə bərpa və dayanıqlı inkişaf modelinə çevrilmişdir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Dünya Şəhərsalma Forumuna ev sahibliyi isə bu uzun yolun məntiqi yekunu olmaqla yanaşı, həm də Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm ideoloji və praktiki dayağı kimi nümunə göstərilə bilər. Bütün bu deyilənlərin fonunda qeyd edə bilərik ki, Azərbaycan memarlığı keçmişini unutmadan gələcəyi qarşılamağı və hətta qabaqlamağı bacarır. Qədim abidələrin qorunması və bərpası isə göstərir ki, biz keçmişimizi unutmur, onu gələcək nəsillərə çatdırırıq. Başqa sözlə, tarixi ilə fəxr edən, gələcəyə inamla addımlayan Azərbaycan memarlığı keçmişi, bu günü və gələcəyi birləşdirən vəhdəti uğurla qoruyur.



Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək iştirakçıları salamlayıb, ürək sözlərini bölüşüb. C.Hüseynova bildirib ki, tarix yalnız keçmişin xronikası deyil, o, həm də millətin mədəni yaddaşı, identikliyi və gələcək nəsillərə ötürüləcək mənəvi sərvətidir. Memarlıq və şəhərsalma yalnız binaların və küçələrin planlaşdırılması deyil, eyni zamanda, bir cəmiyyətin tarixini, mədəniyyətini və dünyagörüşünü əks etdirən canlı sənətdir. Azərbaycanın şəhərsalma və memarlıq irsi uzun tarixi inkişaf yolu keçərək formalaşıb və hər dövrdə yüksək bədii-estetik səviyyəsi ilə seçilib. Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edib. Bu qərar Azərbaycan dövlətinin zəngin tarixi-mədəni irsinə verilən yüksək dəyərin və gələcəyə hesablanmış inkişaf strategiyasının ifadəsidir. Bu təşəbbüs həm müasir inkişafın, həm də milli-mədəni dəyərlərin qorunmasının birgə təmin olunması baxımından ölkəmiz üçün mühüm tarixi əhəmiyyət daşıyır. Bu səbəbdən ölkəmizin şəhərsalma və memarlıq sahəsində nəticələri ayrı-ayrı layihələrin, təsadüfi qərarların və ya mövsümi təşəbbüslərin cəmi yox, dərin tarixi köklərə, ardıcıl siyasi iradəyə və güclü dövlət idarəçiliyinə söykənən uzunmüddətli milli strategiyanın məhsuludur. 1993-cü ildə xalq tərəfindən dəvət olunmuş Ulu Öndər Azərbaycanı vətəndaş müharibəsindən, ölkənin bölünməsi təhlükəsindən, siyasi və iqtisadi böhrandan qurtardı. Onun şəxsi nüfuzuna, mətinliyinə, uzaqgörənliyinə və cəsarətinə görə xaricdən olan təzyiqlər zərərsizləşdirildi və Azərbaycanda quruculuq işləri başlandı. Azərbaycan memarlığı yeni intibah dövrünü yaşadı. Milli memarlığı dərindən bilən, ona böyük hörmətlə yanaşan Ümummilli Lider partiya iyerarxiyasında ən yüksək rütbədə olmasına baxmayaraq, sovet ideologiyasına zidd olmasına baxmayaraq memarlıq nümunələrimizdə milli elementlərdən istifadə edilməsi tapşırığı ilə hakimiyyəti dövründə bir sıra əhəmiyyətli ictimai binaların inşa olunmasına, mənzil tikintisi sahəsində inqilabi dəyişikliklər baş verməsinə nail oldu. Ötən əsrin 70-ci illərindən başlayaraq iri ictimai binaların, mehmanxana komplekslərinin, konsert salonlarının, məktəblərin, mədəniyyət müəssisələrinin, səhyyə ocaqlarının, idman komplekslərinin tikintisi xüsusilə geniş vüsət aldı. Şəhərin baş meydanı Azadlıq meydanının qərbində “Azərbaycan”, şərqində “Abşeron” otellərinin, paytaxtda ən iri tamaşa müəssisələrindən biri olan “Respublika” sarayının, Bakı sərnişin vağzalının, “Gülüstan” sarayının, “Ziyafətlər” evinin, Azərbaycan Ali Sovetinin (Milli Məclisin) və Prezident Aparatı binasının inşası bilavasitə Ulu Öndərin nəzarəti altında həyata keçirilirdi. Bu il 55 illiyi qeyd ediləcək Cəmşid Naxçıvanski adına hərbi məktəbin də tarixində Heydər Əliyev imzası var. Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmış diviziya komandiri Cəmşid Naxçıvanski adını daşıyan hərbi lisey 24 noyabr 1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu cür adlandırılmışdır. Hərbi liseyin məzunları Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Ordusunun yaranmasında, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmış, bütün sahələrdə uğurlu nəticələr əldə etmişdir. Ötən dövrdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafı, güclü iqtisadi potensialın formalaşması, ölkəmizin beynəlxalq nüfuzu, dünyada strateji əhəmiyyəti ilə yanaşı regionların sosial-iqtisadi inkişafına da xüsusi təsir edib. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində bölgələrimizin hərtərəfli inkişafı sürətlənmiş şəhərsalma istiqamətində proqramlar, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin gərgin əməyinin və əzmkarlığının nəticəsi olaraq hazırlanan və həyata keçirilən bu mükəmməl proqram Qazaxımızdan da yan keçməyib. Son 10 ildə 3 dəfə rayonumuza səfər edən Prezident İlham Əliyevin 2016-cı ilin 19 oktyabrında reallaşan səfəri zamanı yeni açılışını etdiyi Qazax Tarix-Diyarşünaslıq Muzeyi rayonumuzun şəhərsalma və memarlıq görünüşünə möhtəşəmlik qatmaqla yanaşı, rayona gələn qonaqları, xarici turistləri qədim tarixi köklərimiz haqqında məlumatlandırmaqda mühüm rol oynayır. Qazax Azərbaycanın zəngin tarixi-mədəni irsinə malik bölgələrindən biri olub 100-dən çox dövlət tərəfindən qorunan abidəsi var. Rayonumuzda qeydiyyata alınmış dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə vardır. 56-sı arxeoloji, 45-i memarlıq, 6-sı monumental abidə, 5-i dekorativ tətbiqi sənət abidəsidir. Avey masssivi, Damcılı mağara düşərgəsi, Əskipara qalası, Baba Dərviş Didivan, Göyəzən dağı, Koroğlu qalası, Alban məbədi hər biri milli tarixi sərvətimizdir. "Azərbaycan öz suverenliyini tam bərpa edib, hazırda isə regionun əsl və tarixi simasını geri qaytarmaq və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Füsunkar və əzəmətli Şuşa saysız-hesabsız mədəni tədbirlərə ev sahibliyi edir. Mədəniyyətin beşiyi olan Qarabağ tarixi sahiblərinə qovuşub. Azərbaycan, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" zonası kimi layihələri ilə dayanıqlı inkişaf gündəliyində qlobal liderliyə iddialıdır. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri şəhərsalma və memarlığın dövlət siyasətində prioritet istiqamət olduğunu bir daha təsdiqləyir. Şuşanın tarixi simasının bərpası milli iradənin, müasir yanaşmanın və tarixi məsuliyyətin vəhdətidir. XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin dediyi kimi, "Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar". Ölkəmiz növbəti il BMT-nin daha bir mötəbər tədbiri olan "Dünya Şəhərsalma Forumu"nun 13-cü sessiyasına evsahibliyi etdi. Beynəlxalq tədbirlərə evsahibliyi Azərbaycanın xarici siyasətdə artan imicinə müsbət təsir göstərməklə yanaşı, diplomatik əlaqələrin də yeni formatda inkişafına imkan yaradır və beynəlxalq platformalarda mövqeyimizi daha da gücləndirir.
YAP Qazax Rayon Təşkilatının sədriAnar Nəbiyev, Qazax RİH başçısı aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan kapitanSamir Çobanov, BDU Qazax filialında İctimai və təbiət fənləri kafedrasında müəllim, Əməkdar müəllimİndira Vəliyeva, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə abidə mühafizəçisi Səadət Aliyeva,Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoruGülnaz Alişanova mövzu ətrafında çıxış ediblər. Çıxış edənlər “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın müasir dövrdə memarlığın və şəhərsalmanın ölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişli mühitin formalaşmasında oynadığı əhəmiyyətli rolun göstəricisi olduğunu bildiriblər. Şəhərsalma və memarlığın Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasında, milli kimliyin qorunmasında və dayanıqlı gələcəyin formalaşdırılmasında prioritet sahələrdən biri olduğunu diqqətə çatdırıblar. Dövlət başçısının rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma layihələri, xüsusilə azad edilmiş ərazilərdə tətbiq olunan innovativ və “yaşıl” şəhərsalma yanaşmalarının bu sahəyə verilən strateji əhəmiyyətin bariz nümunəsi olduğunu qeyd ediblər. Bu əlamətdar ilin Azərbaycan şəhərlərinin tarixi irsinin qorunması ilə yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər mühitinin formalaşdırılmasına, eyni zamanda yeni nəsil memar və mühəndislərin peşəkar inkişafına güclü təkan və töhfə verəcəyini söyləyiblər.




Geri qayıt
|