Əsas Səhifə > Manşet / Ədəbiyyat > İcra başçısı Yuxarı Salahlı kəndində Xalq şairi Səməd Vurğunun Poeziya evində olub
İcra başçısı Yuxarı Salahlı kəndində Xalq şairi Səməd Vurğunun Poeziya evində olubBu gün, 20:28 |
|
“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır. Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunmaqdadır. Silsilə tədbirlər çərçivəsində Xalq şairi Səməd Vurğunun Yuxarı Salahlı kəndində yerləşən Poeziya evi də mütəmadi olaraq ziyarət olunur. İyunun 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Yuxarı Salahlı kəndinə gələrək Xalq şairi Səməd Vurğunun Poeziya evində olub.
Geri qayıt |