Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı şəhid atasının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib

Qazaxda icra başçısı şəhid atasının hüzr mərasimində iştirak edib və yaxınlarına başsağlığı verib


Bu gün, 18:32

Vətənini, torpağını hər şeydən üstün tutaraq bu yolda şirin canından keçərək Şəhidlik zirvəsinə ucalmış oğullarımız minlərlədir. Həmin qəhrəman oğullarımız təkcə verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamadılar, onlar həm də öz əməlləri ilə hər kəsə örnək və nümunə oldular. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.

Qəhrəman oğullarımızdan biri də Yaqubov Xəyyam Şəmistan oğludur. Xəyyam Yaqubov 27 iyul 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1980-ci ildə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin 1-ci sinifinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildən 1990-cı ilə kimi Qazax 117 saylı peşə məktəbində qaynaqçı ixtisasına yiyələnmişdir. 1991-ci ildə Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini “N” saylı Hərbi Hissənin 1-ci taborunda başlamışdır. 3 sentyabr 1994-cü ildə Ermənistan Respublikasının İcevan rayonunun Lələ kəndi istiqamətindəki mövqelərdə itkin düşmüşdür. Subay idi.

16.06.2026-cı il tarixdə qəhrəman şəhidimizin atası Yaqubov Şəmistan İsmayıl oğludünyasını dəyişib. Bu gün mərhum Qarapapaq kənd qəbiristanlığında dəfn olunub.

İyunun 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Qarapapaq kəndində olub. Şəhid atasının hüzr mərasimində iştirak edən icra başçısı Rəcəb Babaşov mərhum ŞəmistanYaqubovun vəfatından kədərləndiyini bildirib, şəhidin anasına, yaxınlarına dərin hüznlə başsağlığı verib.


Geri qayıt