Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli binada aparılan təmir işlərinin mövcud vəziyyəti ilə maraqlanıb

İcra başçısı Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli binada aparılan təmir işlərinin mövcud vəziyyəti ilə maraqlanıb


Bu gün, 18:40

Ölkə Prezidenti İlham Əliyevin dövlət qayğısı sayəsində son illər paytaxt Bakıda, eləcə də respublikamızın bütün regionlarında genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Ölkə başçısının rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası da bu məqsədi daşıyır. Bunu son bir neçə ildə Qazaxda aparılan abadlıq işlərindən aydın şəkildə görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.

Təqdirəlayiq haldır ki, rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilməkdədir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Önəmlisi də odur ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahatlığını təmin etmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülür.

Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 158 ünvanında yerləşən ikimərtəbəli yaşayış binası da abadlıq işləri aparılan binalardandır. Ötən il həyətinə yeni asfalt örtüyü vurulmuş binada artıq digər abadlıq işləri aparılır. Belə ki, sakinlərin müraciəti nəzərə alınaraq binanın fasad, blok və həyətində abadlıq işləri həyata keçirilir. Binanın prospektə baxan hissəsində fasadda suvaq və rənglənmə işləri yekunlaşıb, bloklara giriş qapıları qoyulub, binanın pəncərələri yenilənib, kənarlarına lövhələr vurulub. Hazırda binanın həyətinə baxan hissədə fasadda suvaq işləri görülür.

İyunun 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə sözügedən binada olub, fasad, blok və həyətdə görülmüş işlərlə yerində maraqlanıb, aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.

Bina sakinləri rayonda aparılan abadlıq işlərinə, eləcə də yaşadıqları binanın həyətinə yeni asfalt örtüyünün vurulmasına, bu gün isə binanın fasad və bloklarında aparılan abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Görülmüş işləri dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı kimi qiymətləndirirlər.


Geri qayıt