Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı Polkovnik-leytenant Mustafa Vəliyevin atasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib

İcra başçısı Polkovnik-leytenant Mustafa Vəliyevin atasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib


Bu gün, 18:52

Müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılan 2020-ci il illər ötsə də hər zaman qürurla xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsində 44 günə Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu.

Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə, müharibə iştirakçılarına minnətdar olmalıyıq.

44 günlük Vətən müharibəsində qazanılan qələbədə payı olan oğullarımızdan biri də döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Ağdamın azad olunmasına görə” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş, Polkovnik-leytenant Vəliyev Mustafa Həsən oğludur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci ilin sentyabrında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən səfərbərliyə cəlb olunmuş Mustafa Vəliyev Ağdam, Suqovuşan istiqmətində gedən döyüşlərdə iştirak etmişdir. Müharibə və silahlı qüvvələr veteranıdır.

Aprelin 27-də igid Vətən oğlunun atası Vəliyev Həsən Abdulla oğlu vəfat edib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Mustafa Vəliyevin atasının vəfatı ilə əlaqədar Yuxarı Salahlı kəndində olub, ailəsinə başsağlığı veriblər.

İcra başçısı Rəcəb Babaşov mərhum Həsən Vəliyevin vəfatından kədərləndiyini bildirib, Mustafa Vəliyevə və yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.



Geri qayıt