Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 75 illik yubileyi münasibətilə “Yaxşı ki, Qazağın Baratı varmış” başlıqlı ədəbi-bədii gecə keçirilib
Qazaxda Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 75 illik yubileyi münasibətilə “Yaxşı ki, Qazağın Baratı varmış” başlıqlı ədəbi-bədii gecə keçirilibDünən, 21:10 |
|
Bütün dünyada Qərbin qapısı kimi tanınan Qazax həm də sazın, sözün qüdrəti ilə öz sözünü deməyi bacarıb. Tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə səs salıb bütün aləmə, yaxına, uzağa. Bu diyarda sözə verilən qiymət, saza olan hörmət hər zaman yüksək səviyyədə olub. Söz, sənət mülkünün beşiyi sayılan Qazaxda bu gün Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın (Barat Alı oğlu Alıyev) 75 illik yubileyi münasibətilə “Yaxşı ki, Qazağın Baratı varmış” başlıqlı ədəbi-bədii gecə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin və AYB Qazax bölməsinin birgə təşkilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində keçirilən ədəbi-bədii gecədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Səməd Seyidov və Ülviyyə Ağayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi İlqar Fəhmi, Şair, dramaturq, yazıçı, ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sahib İbrahimoğlu, AYB-nin təmsilçisi Güləmayıl Murad və üzvləri, Ədəbiyyat araşdırmaçısı, Aqrar Universitetinin müəllimi Sakit Təbib, Rəssam Fərman Hüseynov, BDU Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri, mədəniyyət işçiləri, şəhid ailələri, ziyalılar, aşıqlar, KİV nümayəndələri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın Ədəbiyyat Muzeyində olan guşəsi ilə tanış olublar. Tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra yubilyara həsr edilmiş film nümayiş olunub. Bədii-gecədə rəsmilər və incəsənət nümayəndələri, ziyalılar çıxış edərək şairi yubiley münasibətilə təbrik edib, xoş arzularını çatdırdılar. Şairlər, Qazax Dövlət Dram Teatrının aktyorları, aşıqlar, məktəblilər yubilyara həsr edilmiş şeirləri səsləndiriblər. AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək ona göstərilən diqqətə, qayğıya, hörmət və ehtirama görə ölkə Prezidenti İlham Əliyevə, mədəniyyətimizin, poeziyamızın hamisi olan Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Tədbirinin keçirilməsində əməyi olan hər kəsə, xüsusilə Qazax Rayon İcra Hakimiyyətinin başçı Rəcəb Babaşova və tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü çatdırıb. Sonda Əməkdar incəsənət xadimi, şair Barat Vüsala rayonun ictimai həyatında fəal iştirakına və anadan olmasının 75 illiyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyə təqdim olunub.
Geri qayıt |