Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Vurğun keçib bu yerlərdən” adlı bədii tədbir keçirilib
Qazaxda Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Vurğun keçib bu yerlərdən” adlı bədii tədbir keçirilibDünən, 19:04 |
|
“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır. Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunmaqdadır. Aprelin 17-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Vurğun keçib bu yerlərdən” başlıqlı tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət müəssisələrinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri iştirak ediblər. Əvvəlcə Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş kitab və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Vurğun keçib bu yerlərdən” filmi nümayiş etdirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Bildirib ki, Respublika Prezidenti İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında 23 fevral 2026-cı il tarixli Sərəncamı biz qazaxlılara, sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə diqqətin, dəyərin təcəssümüdür. Həmin sənəddən irəli gələrək ölkəmizdə, o cümlədən rayonumuzda yubiley tədbirləri silsilə şəkildə təşkil olunur. Səməd Vurğun Qazaxımızın, xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaratmışdır. Səməd Vurğun şəxsiyyətinin mayası vətən eşqi ilə yoğrulmuşdu. Gənc yaşlarından xalqına, vətəninin hər qarışına, doğma torpağının əsrarəngiz təbiətinə sonsuz bağlılığı ona “Vurğun” təxəllüsünü qazandırmışdı. “Demə, Səməd Vurğun gəldi-gedərdi, unutmaz bu oba, bu mahal məni”. Dillər əzbəri olan bu misralar zamanın fövqünə yüksəlmiş, milli istiqbalı öncədən görmüş Xalq şairi Səməd Vurğunun mənəviyyat zirvəsində tutduğu ali mövqenin əks-sədasıdır. Səməd Vurğun məktəbinin təməli 1925-ci ildə, Qori müəllimlər seminariyasını bitirərkən yazdığı “Cavanlara xitab” şeiri ilə qoyuldu. Sonralar Şair Azərbaycanın müxtəlif guşələrində – Qazaxda, Qubada və qədim Gəncədə dil və ədəbiyyat dərslərini tədris etsə də, həyatın axarı onu sözün sehrinə saldı. Poeziya gənc müəllimin daxili dünyasına hakim kəsilərək Azərbaycanın əbədiyaşar Xalq şairinə çevirdi. Ötən əsrin 30-40-cı illəri Vurğun yaradıcılığının ən parlaq təcəllası, poeziyamızın çiçəklənmə dövrü kimi tarixə düşdü. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri milli ədəbiyyatın incilərindəndir. Bu şeirdə ölkəmizin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, qonaqpərvərliyi öz əksini tapıb. Hətta, Ulu Öndər Heydər Əliyev Azərbaycanımıza olan sonsuz məhəbbətini Səməd Vurğunun “Azərbaycan” şeiri ilə ifadə etmiş və bu əzəmət və qüdrət sahibi şeirdəki bəndləri dedikcə kövrəldiyini gizlədə bilməmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı hər birimizə məlumdur. H.Əliyevin S.Vurğun haqqındakı fikirləri, böyük sənətkarın, təkcə əsərlərini mütaliəsinə yox, şəxsi müşahidələrinə də əsaslanır. S.Vurğun, H.Əliyevin öz ifadəsi ilə desək, "gənclik illərinin şairi" olub. Şairin Bakıda ev-muzeyinin, Qazaxda Poeziya evinin yaradılması, 70,80 və 90 illik yubileylərinin təntənəli surətdə keçirilməsi və bir çox başqa tədbirlər, məhz, H.Əliyevin təşəbbüsü ilə reallaşmışdır. Ulu Öndər Xalq şairi Səməd Vurğunun anadan olmasının 90 illik yubiley gecəsindəki nitqində deyirdi: Böyük şair Səməd Vurğunun 90 illik yubileyi şer, mədəniyyət bayramıdır, Azərbaycan xalqının bayramıdır. Görkəmli dövlət xadiminin ustad şairin şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, onun ocağından nur alanlara-övladlarına münasibətdə da davam etmişdir. İcra başçısı qeyd edib ki, bu gün respublikanın, demək olar ki, hər rayonunda şairin adına parklar, küçələr, mədəniyyət ocaqları, məktəblər var. Hətta şairin adını yaşadan nəhəng neft tankeri də fəaliyyət göstərir. Xalq şairinin adı ölkə hüdudlarından kənarda da böyük ehtiramla əbədiləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Səməd Vurğun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şair, publisist, BDU-nun Qazax filialının mətbuat xidmətinin rəhbəri Elçin İsmayıl, Qazax şəhər İsmət Qayıbov adına 3 nomrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Aygün Bayramova, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Həbibə Məmmədli çıxış edərək Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlərindən, milli poeziyanın inkişafında müstəsna rolundan danışıblar. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdlərinin təqdimatında şairin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbir Qazax şəhər 1 nömrəli Uşaq Müsiqi Məktəbinin “Misri” xor qurupunun saz ifası ilə sona çatıb.
Geri qayıt |