Əsas Səhifə > Manşet / Şəhidlər > Aprel döyüşlərinin qəhrəman şəhidi baş leytenant Elvin Namazovun məzarı və ailəsi ziyarət edilərək əziz xatirəsi ehtiramla yad olunub
Aprel döyüşlərinin qəhrəman şəhidi baş leytenant Elvin Namazovun məzarı və ailəsi ziyarət edilərək əziz xatirəsi ehtiramla yad olunubBu gün, 09:56 |
|
Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik adlı uca zirvəyə yüksəldilər. Həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş baş leytenant Namazov Elvin Məmməd oğlunun da xatirəsi hər zaman əziz tutulur, rayon rəhbərliyi tərəfindən anım və doğum günlərində dərin ehtiramla yad olunur. Aprelin 9-u igid Vətən oğlunun uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündür.
Qəhrəman şəhidimizin ruhuna dua oxunduqdan sonra onun məzarını və ailəsini ziyarət edənlər igid Vətən oğlu haqqında ürək sözlərini çatdırıblar. Qeyd edilib ki, bu gün şəhid Elvin Namazovun uca bir məqama - Şəhidlik zirvəsinə ucalmasından 10 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Elvin təkcə ata və anasının deyil, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Aprel şəhidimiz Elvin Namazov elə bir şanlı yol keçib ki, başda ölkə rəhbəri olmaqla, hər bir azərbaycanlı onunla fəxr edib, qürur duyur. Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı nailiyyətlərdən də söz açılıb. Tarixi qələbəmizin əldə olunmasında 2016-cı ilin Aprel döyüşlərinin mühüm əhəmiyyəti olduğu, "Dəmir yumruğ”un ilk zərbəsinin məhz həmin döyüş zamanı vurulduğu qeyd olunub. İllər ötsə belə xalqımızın bizi Qarabağda böyük qələbəmizə aparan şanlı Aprel döyüşlərini, İyul döyüşlərini, Vətən müharibəsini və həmin döyüşləri tarixə yazdıran Elvin Namazov kimi oğulları unutmayacağı bildirilib. Elvin kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yolunun böyüməkdə olan gənclərimizə hər zaman örnək olduğu vurğulanıb. Şəhid atası Məmməd Namazov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və millət vəkilinə ailəsi adından minnətdarlığını bildirib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi qələbədən söz açan şəhid atası oğlu Elvinin, eləcə də bütün şəhidlərimizin qisasının alındığını, şəhidlərimizin ruhunun şad olduğunu bildirib.
Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır. Geri qayıt |