Əsas Səhifə > Manşet / Şəhidlər > Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib

Aprel döyüşlərinin qəhrəman şəhidi kapitan Mühüd Orucovun məzarı və ailəsi ziyarət edilib


Bu gün, 09:15

Azərbaycan tarixinə "Aprel döyüşləri” kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət oldu. 10 il öncə Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı Qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım oldu. Bu gün Aprel döyüşlərinin onuncu ildönümünü 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmış qalib xalq olaraq qeyd edirik. Bu gün fəxrlə söyləyə bilirik ki, Aprel döyüşləri qələbəmizin başlanğıcı, müstəqil Azərbaycanın şərəf tarixidir. Ərazi bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla anırıq.

Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğluda ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldılar.

Bütün şəhidlərimiz kimi kapitan Orucov Mühüd Qurban oğlunun xatirəsi də hər zaman əziz tutulur, rayon rəhbərliyi tərəfindən doğum və anım günlərində məzarı və ailəsi ziyarət olunur. Aprelin 9-u igid Vətən oğlunun uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Aprel döyüşlərində adını tarixə yazmış şəhidkapitan Mühüd Orucovun şəhadətinin 10-cu ildönümü münasibətilə şəhidimizin doğulub boya-başa çatdığı Fərəhli kəndində olub, igid Vətən oğlunun məzarını və ailəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla anıblar. Qəhrəman şəhidimizin anası mərhum Sima Hacıyevanın məzarını ziyarət edən rayon rəhbərliyi şəhid anasının əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbəri və millət vəkili Vətən müharibəsi şəhidləri, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kəndinin igid oğlu kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun və ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kəndinin igid oğlu əsgər Daşdəmirov Elfak Eltun oğlunun məzarını da ziyarət edərək əziz xatirələrini ehtiramla anıblar.

Şəhidlərimizin ruhuna dua oxunduqdan sonra igid Vətən oğullarının döyüş yolundan söz açılıb, onların daim qəlblərdə yaşadıqları diqqətə çatdırılıb. Qeyd edilib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Bildirilib ki, 10 il öncə Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Aprel döyüşləri düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən bir daha anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. Və bunu 27 sentyabrda başlayıb 10 noyabrda tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Vurğulanıb ki, istər Aprel döyüşündə, istər İyul döyüşlərində, istərsə də Vətən müharibəsində Mühüd Orucov kimi oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə oğulların qəhrəmanlığı sayəsində haqq savaşında ədalət bərpa olundu və Azərbaycan bu savaşda tarixi Zəfər qazandı.

Şəhid atası Qurban Orucov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və millət vəkilinə ailəsi adından minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəni qürur hissi ilə xatırlayan şəhid atası oğlu Mühüdün, eləcə də bütün şəhidlərimizin qisasının alındığını, ruhlarının şad olduğunu bildirib.


Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmişdir.

Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla - "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır.

2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır.

Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.

2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur.

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görəRespublika Prezidenti İlham Əliyevin19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.

Qəhrəman şəhid kapitan Mühüd Orucovun anası Sima ananın məzarını ziyarət

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kəndinin igid oğlu kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun məzarını ziyarət

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kəndinin igid oğlu əsgər Daşdəmirov Elfak Eltun oğlunun məzarını ziyarət


Geri qayıt