Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını və qazini ziyarət edib
İcra başçısı xəstəxanada müalicə olunan şəhid anasını və qazini ziyarət edib8-04-2026, 10:00 |
|
Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır. Aprelin 8-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də olub, xəstəxanada müalicə alan Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Aşağı Əskipara kəndinin igid oğlu (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun anası Elminaz Qasımovanı və 3-cü dərəcəli Vətən müharibəsi əlili, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Aslanbəyli kəndinin igid oğlu əsgər Məmmədov Xəyal Valeh oğlunu xəstəxanada ziyarət edib. Rayon rəhbəri xəstəxanada müalicə olunan şəhid anasının və qazinin səhhəti ilə maraqlanıb. “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Afiq Fərruxov şəhid anasının və qazinin səhhəti barədə rayon rəhbərinə ətraflı məlumat verərək onlara hər cür qayğı göstərildiyini diqqətə çatdırıb. Şəhid ailələrini, qaziləri daim diqqətdə saxlayan icra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan şəhid Oruc Qasımov, qaziXəyal Məmmədov kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. “Bu gün özümə borc bildim ki, sizləri ziyarət edim, hər zaman olduğu kimi, bu gün də şəhid ailəsinin, qazinin mənim üçün nə qədər əziz və doğma olduğunu bir daha hiss edəsiniz”, - söyləyən rayon rəhbəri şəhid anasına və qazimizə Allahdan şəfa diləyib, ünvanlarına səmimi ürək sözlərini səsləndirib. Şəhid anası Elminaz Qasımova və qazi Xəyal Məmmədov ölkə Prezidentinə, Birinci vitse-prezidentə və icra başçısına şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bugünkü ziyarətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə edərək bu ziyarəti onlara göstərilən qayğının davamı kimi qiymətləndiriblər.
Geri qayıt |