Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının mart ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü Dəmirçilər kənd sakinləri ilə olub
Qazaxda icra başçısının mart ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü Dəmirçilər kənd sakinləri ilə olub12-03-2026, 19:56 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının mart ayında vətəndaşlarla nəzərdə tutulan sonuncu səyyar görüşü Dəmirçilər kənd sakinləri ilə olub. Martın 12-də Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Dəmirçilər kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini bildirib. Kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə fiber-optik internet xəttinin çəkildiyini və sakinlərin sürətli internetlə təmin olunduğunu bildirib. Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhlikəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri bu gün təmirli yollar sırasında Dəmirçilər-Ürkməzli yolunun olmasını bu kənddə yaşayan sakinlərə olan qayğı kimi qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri bütün kəndlərimizdən olduğu kimi, Dəmirçilər kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 4 nəfər, 44 günlük Vətən müharibəsində 2 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 6 nəfərin, Vətən müharibəsində 4 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Dəmirçilər kəndindən 30 nəfərin iştirak etdiyini, onlardan 8 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 38 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin şəhid ailəsi, 5 nəfərin Vətən müharibəsi əlili, 5 nəfərin müharibə iştirakçısı, 26 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Bu il 5 mart tarixinin təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yaddaşlara yazıldığını söyləyib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasiminin keçirildiyini, Qazaxın idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldığını, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotunun ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdırıb. İcra başçısı hazırda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə daha bir çempionata start verildiyini bildirib. Rayonda 11-14 mart tarixlərində sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyinin keçirildiyini vurğulayıb. Kənd sakinləri çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini, son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini bildirən sakinlər buna görə razılıqlarını ifadə ediblər. Son illər rayonda, eləcə də Dəmirçilər kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Hər keçirilən səyyar görüşün qaldırılan məsələlərin həll olunması ilə yadda qaldığını vurğulayıblar. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Qazax rayonunun Dəmirçilər kəndində, kənd sakinlərinin rayon mərkəzinə gediş-gəlişini təmin edən, Ürkməzli və Dəmirçilər kəndini birləşdirən, Coğaz çayı üzərindən keçən körpünün qəzalı vəziyyətə düşdüyünü nəzərə alaraq müvafiq tədbirlərin görülməsi,2026-cı ildə 100 illiyini qeyd edəcək 200 şagird yerlik Dəmirçilər kənd tam orta ümümtəhsil məktəbin qəzalı vəziyyətdə olan binasının əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan məsələlərə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını, aidiyyəti qurum qarşısında bir daha məsələ qaldırılacağını bildirib.
Geri qayıt |