Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının mart ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Canalı kəndində olub
Qazaxda icra başçısının mart ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü rayonun Canalı kəndində olub10-03-2026, 23:53 |
|
Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür. Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının mart ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Canalı kəndində yaşayan sakinlərlə olub. Martın 10-da Qazax rayon Canalı kənd tam orta ümumtəhsil məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.
İcra başçısı ilk növbədə müstəqil dövlət olaraq nüfuz sahibi olduğumuza, torpaqlarımızın azad olunmasına, suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpa edilməsinə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. 2020-ci ilin 27 sentyabrında ölkə başçısının rəhbərliyi altında başlayan və 44 gün sonra hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edənlərin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri bütün kəndlərimizdən olduğu kimi, Canalı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı 1 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 2 nəfərin, Vətən müharibəsində 1 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Canalı kəndindən 30 nəfərin iştirak etdiyini, onlardan 10 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonda təsərrüfatın inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı 2016-cı ildən bu yana kənddə əkin sahəsinin genişləndirildiyini diqqətə çatdırıb. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Canalı kəndində xeyli işlər görüldüyünü bildirib. Bu gün kənddə 10 ədəd subartezian quyusunun sakinlərə xidmət göstərdiyini, kənddə sakinlərin növbəlilik qrafikinə uyğun olaraq suvarma suyu ilə təmin olunduğunu bildirib. Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən icra başçısı bu istiqamətdə görülən işlərdən söz açıb. Canalı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə kənd ərazisində fiber optik xəttin çəkilişinin başa çatdığını, abunəçilərin yüksək sürətli internet xəttinə qoşulduğunu bildirib.
Sakinlər son illər rayonda, o cümlədən Canalı kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Görüşdə vətəndaşların Canalı kəndində elektrik xətlərinin sip kabellə əvəz olunması, su itkisinin qarşısının alınması məqsədilə Canalı kəndi ərazisində arxların beton üzlüyə alınması ilə bağlı müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.
Geri qayıt |