Əsas Səhifə > Manşet / İdman > Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib
Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib5-03-2026, 22:32 |
|
Ən önəmlisi də odur ki, bu il martın 5-i təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yaddaşlara yazılıb. Bu il 5 mart tarixi qazaxlılar üçün daha da əlamətdar olub. Çünki bu gün "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi keçirilib. Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil alıb, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olunub. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib. Martın 5-də Qazax şəhərində #İdmanhəftəsi çərçivəsində Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Gənclər və İdman Naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Respublikasının İdman ustası və Əməkdar məşqçisi, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Regional idarələrin rəhbərləri, İdman Federasiyalarının əməkdaşları, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivi, şəhid ailələri, gənclər, ictimaiyyət nümayəndələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri və könüllülər, media nümayəndələri iştirak ediblər. Açılış mərasimi çərçivəsində “Qarabağ Azərbaycandır” Abidə Kompleksi ziyarət olunub. Tədbirə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır” Abidə Kompleksinin qarşısından start verilib. Qonaqlar abidə kompleksini ziyarət edərək şəhidlərimizə ehtiramlarını ifadə ediblər.
Qonaqlar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkın üst hissəsində təşkil olunmuş sərgiyə baxış keçiriblər.Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik siyasətinə həsr edilmiş kitabların və idman siyasətinə həsr edilmiş nəşrlərin sərgilənməsi, standartlara uyğun kitab stendləri maraqla qarşılanıb. Mərkəzin direktoru Ceyhunə Hüseynova Ulu Öndərin və cənab Prezidentin Qazax rayonuna səfərləri barədə ətraflı məlumat verib.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkil etdiyi sərgidə müxtəlif dövləri əks etdirən eksponatlar nümayiş olunub. Qoruğun direktoru Səadət Əliyeva eksponatlar barədə məlumat verib. Qazax Tarix-Diyarşünaslıq Muzeyi və Molla Pənah Vaqif və Molla Vəli Vidadi Muzeyinin birgə təşkil etdiyi sərgidə xalça və misgərlik, gil məmulatları nümayiş etdirilib.
Rayonda fəaliyyət göstərən sazbəndlərin təşkil etdiyi saz sərgisi marağa səbəb olub. Sazbəndlər sazın tarixi, hazırlanması barədə qonaqlara ətraflı məlumat veriblər. Sərgi zamanı cənab nazirə saz hədiyyə edilib.
Sərbəst güləş, Cüdo, Ağırlıqqaldırma, Qol güləşi, Boks, Karate, Futbol, Şahmat, Voleybol idman növləri üzrə nümunəvi çıxışlara baxış keçirilib.
Tədbir zamanı qonaqlar "Qazax İdman paytaxtı 2026" ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkdaquraşdırılmış idman qurğularına da baxış keçiriblər. "Qazax İdman paytaxtı 2026" çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiyası, Azərbaycan Güləş Federasiyası və "Arkoz Qazax Sement Zavodu” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Qazax Gənclər Evində müşavirə keçirilib. Günün ikinci yarısında “Qazax İdman Paytaxtı-2026” ilə əlaqədar Qazax şəhəri Heydər Əliyev prospekti, Qazax Ədəbiyyat Muzeyinin qarşısından Heydər Əliyev adına parkadək parad keçirilib.Qazax şəhəri Ədəbiyyat Muzeyinin qarşısından idman ictimaiyyətinin iştirakı ilə idman yürüşü başlanıb və Heydər Əliyev Parkında idman federasiyaları, idman qurğuları, “İdman səfirləri”, regional gənclər və idman idarələri, idman könüllüləri və digər idman təşkilatları təntənəli şəkildə paraddan keçiblər. Parad iştirakçılarıQazax Ədəbiyyat Muzeyinin və Fəxri Qazaxlılar parkının qarşısından start götürərək Heydər Əliyev prospekti, Firuddin Şamoyev və Bakı küçələri boyunca yürüş edərək açılış mərasiminin keçiriləcəyi parka tərəf istiqamət alıblar. Paradda atlar və avtomobillər nümayiş etdirilib. Motosikletçilərin, velosipedçilərin, veteran idmançıları daşıyan üstüaçıq avtobusun nümayişi maraqla qarşılanıb. Olimpiya və Parolimpiya mükafatçıları, idmançılar, orkestr, rəhbər heyət parada qatılıblar. Parad iştirakçılarını yolboyu məktəblilər alqışlarla qarşılayaraq onlara qoşulublar.
Sonda “Qazax İdman Paytaxtı-2026” ilə əlaqədar Ulu Öndər Heydər Əliyev adına parkda açılış mərasiminin rəsmi və bədii hissəsi start götürüb.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik ediblər. “Qazax İdman Paytaxtı-2026”nın açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə və əziyyəti keçən hər kəsə minnətdarlıqlarını ifadə ediblər. “İdman Paytaxtı” layihəsinin rəmzi açarı Qəbələdən təhvil alınaraq Qazaxa təqdim edilib. Ardınca Qazax “İdman Paytaxtı”nın maskotu səhnədə təqdim olunub.
Sonra həvəskar pəhləvan tərəfindən nümunəvi çıxış nümayiş olunub. Tədbirin bədii hissəsi gənc aşıq Samir Cəlaloğlunun ifasında təqdim olunan milli musiqi ilə zənginləşib. Gənc aşıq saz havası üstə “Qazax İdman Paytaxtı-2026”ya həsr olunmuş şeir səsləndirib. “İdman səfiri” Xəyyam Orucovun milli idman növləri üzrə nümayişləri təqdim edilib. Akrobatika gimnastikası, taekvondo üzrə idmançıların nümayişi tədbirə xüsusi rəng qatıb. Tanınmış müğənnilər Murad Arif və Mərdan Kazımovun ifasında bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Geri qayıt |